Aprelin 16-da Azərbaycan kinematoqrafiyasında öz dəst-xətti ilə seçilən görkəmli rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin (1941-2021) vəfatının bir ili tamam olur.
Sənətkarın anım günündə qəbirüstü abidəsinin açılışı olacaq. Heydər Əliyev Fondu tərəfindən sifariş edilən abidənin müəllifi Əməkdar rəssam, heykəltəraş Azad Əliyevdir.
Azad Əliyev qəzetimizə bildirdi ki, abidənin hazırlanmasında sənətkarın ailəsinin istəyi əsas götürülüb: “Eldar Quliyevin həyat yoldaşının qəbirüstü abidəsi vaxtilə rejissorun istədiyi formada kimi hazırlanmışdı. O abidənin müəllifləri, belə demək mümkünsə, heykəltəraş, Xalq rəssamı Qorxmaz Sücəddinovla və Eldar Quliyev özü olmuşdu. Eldar müəllimin qızları da abidəni analarının qəbirüstü abidəsinə uyğun formada hazırlanmasını arzulayıblar”.
Abidədə sənətkarın hansı xarakterik cizgilərinin əks olunduğu barədə danışan Azad Əliyev söylədi ki, Eldar Quliyevin yaxın dostu və qohumu Xalq artisti, rejissor Azər Paşa Nemətov və dost-tanışları onun yaradıcılıqla məşğul olarkən çoxlu siqaret çəkdiyini bildiriblər: “Heykəlin də görünüşünün bu formada yaradılmasını xahiş etdilər. Heykəli ötən ilin dekabrında vəfat edən sənət dostum Azər Mövsümzadə ilə birgə işlədik. Eldar Quliyev Azərbaycan kinosunda öz sənəti, istedadı və baxışı ilə iz qoyan sənətkarlardan idi. Çalışdıq ki, qəbirüstü abidəsində də bu nüanslara xüsusi diqqət edək”, – deyə heykəltəraş bildirdi.
Xatırladaq ki, 2021-ci il aprelin 16-da vəfat edən Eldar Quliyev, özünün vəsiyyətinə uyğun olaraq, Bakıdakı "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın məzarı yanında dəfn edilib.
Lalə Azəri