Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” adlı sərginin açılış mərasimi keçiriləcək.

Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 rəngkarlıq və tətbiqi sənət əsəri nümayiş etdiriləcək.

Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı keçiriləcək. Həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət videoçarx, sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın, rəssam Yelena Haqverdiyevanın iştirakı ilə çəkilmiş video nümayiş olunacaq.

İyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr və ustad dərsləri də təşkil ediləcək.