Aprelin 14-də Bakı Fotoqrafiya Evində “Re: Art” incəsənət agentliyinin təqdimatı keçirilib. Agentlik “Mədəni üfüqlər” layihəsi çərçivəsində yaradılıb.

Tədbirdə agentliyin iştirakçı rəssamları Nərgiz Əsgərova, Şəlalə Salamzadə, Emin Mathers, Ləman Məmmədova və Leyli Salayevanın əsərlərinin videotəqdimatı nümayiş olunub.

"Mədəni üfüqlər" layihəsinin müəllifi – beynəlxalq ekspert, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov qeyd edib ki, 2020-ci ildə Almaniyanın Federal Xarici İşlər Nazirliyi və Goethe İnstitutu koronavirus pandemiyasının xarici ölkələrdəki mədəniyyət təşkilatlarına təsirinə cavab olaraq mədəniyyət və təhsil təşkilatlarına yönəlmiş Beynəlxalq Yardım Fondunu (İnternational Relief Fund) təsis edib. Fond 2021-ci ildə 60-dan çox ölkədə 200-dən çox mədəniyyət və təhsil layihəsini dəstəkləyib.

“Biz bu çağırışa 2021-ci ildə təklifimizi göndərdik və maraqla qarşılandı. Təxminən 45 nəfər iştirakçıdan ibarət kursa onlayn şəkildə yaradıcı layihələrin gerçəkləşdirilməsi ilə bağlı tövsiyələr də etmişəm...”, – deyə C.Səlimxanov bildirib.

Qeyd olunub ki, “Re: Art” incəsənət agentliyi “Mədəni üfüqlər” layihəsi çərçivəsində incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün həyata keçirilən 6-cı layihədir. Layihənin məqsədi gənc rəssamların təbliği ilə məşğul olan agentliyin qurulması, rəssam və digər incəsənət xadimləri arasında əməkdaşlığın yaradılmasıdır. Agentliyin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, gənc sənətşünas Mehbarə Abbasovadır.