Yol kənarlarında xüsusi nişanların, məlumatlandırıcı lövhələrin qoyulması turizm xidmətində vacib məsələlərdəndir
   
   Azərbaycanda turizmin inkişafında mühüm rol oynayan məsələlərdən biri də infrastrukturun inkişafıdır. İnfrastruktur deyəndə isə yalnız yerləşdirmə yerləri, hotellər və restoranlar və s. nəzərdə tutulmur. Nəqliyyat infrastrukturunun qurulması da turizmin inkişafına təkan verən mühüm amillərdəndir.
   
   Keyfiyyətli nəqliyyat xidməti də hər bir turistdə səfər etdiyi yer haqqında müsbət rəy formalaşdırır. Bundan əlavə, yol kənarlarında xüsusi nişanların, turistləri məlumatlandıran lövhələrin qoyulması turizm xidmətində vacib məsələlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunmuş müddəalardan biri də ölkə ərazisində turizm və nümayiş obyektlərinə (tarixi mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması ilə bağlıdır.   

   Yol göstəriciləri yeni formatda qurulur
   
   Son illər bir çox sahələrdə olduğu kimi, nəqliyyat infrastrukturu sahəsində də ölkəmizdə böyük işlər görülür. Regionlarda yeni keyfiyyətli yolların tikilməsi həm xarici, həm də daxili turizmin inkişafına, insanların rahat şəkildə istirahət məkanlarına gedib-gəlməsinə müsbət təsir edir. Amma bu sahədə də həllini gözləyən məsələlər var ki, onlardan biri də yol nişanları ilə bağlıdır. Çünki turist üçün gedəcəyi yolun dəqiq marşrutu, mənzil başınadək neçə kilometr məsafə qət edəcəyi, yolboyu hansı yaşayış məntəqələrindən keçəcəyi və s. olduqca mühümdür. Yol kənarlarında həm öz dilimizdə, həmçinin də əcnəbi dillərdə müvafiq məlumat lövhələri qoyulmalıdır. Məsələn, Türkiyədə yolboyu nəinki yaşayış məntəqələrinin adları, onların statusu (kənd, rayon, qəsəbə və ya şəhər olması), eyni zamanda əhalisinin sayı haqqında məlumatlar türk və ingilis dillərində xüsusi lövhələrdə əksini tapıb.
   BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətovun sözlərinə görə, son illər Azərbaycanın regionlarında yol infrastrukturu yüksək səviyyədə qurulur və bununla bərabər yol göstəricilərinin də yeni formatda qurulması nəzərə çarpır: “Təqdirəlayiq haldır ki, turizm obyektlərinin yaxınlığında da bütün istiqamətlər boyu göstəricilər doğru ölçü ilə məsafələri və istiqamətləri göstərir. Əgər bir neçə il əvvəl hətta yerli turistlər öz avtomobilləri ilə səyahət edərkən Azərbaycanın regionlarında lazım olan məkanı tapmaqda çətinlik çəkirdilərsə, artıq bu gün xarici turistlər də avtomobil icarəyə götürüb istənilən bölgəyə səfər edə bilirlər. Bizdə olan məlumata görə, yolboyu nişanlarda tarixi məkanların, turizm obyektlərinin və s. müxtəlif rənglərlə qeyd edilməsi ilə bağlı bəzi eskizlər hazırlanıb. Onların əsasında yol nişanları yerləşdirildikdən sonra turistlər müvafiq rəngə görə müəyyənləşdirə biləcəklər ki, bu, yolun üzərindəki tarixi abidədirmi, yaşayış obyektidirmi və s.”
   Bəzən elə hallar olur ki, müvafiq strukturlarla razılaşdırılmamış şəkildə yol nişanları qoyulur. Bu faktlar turistlər üçün də çətinliklər törədir: “Yol nişanları Dövlət Yol Polisi İdarəsi ilə Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yol nişanlarının qoyulması qaydalarına uyğun şəkildə yerləşdirilməlidir. Söhbət sadəcə yaşayış yerlərinin adlarının yazılmasından getmir. Turistləri öncədən məlumatlandıracaq yol nişanlarına ehtiyac var. Məsələn, turizmin inkişaf etdiyi bir çox ölkələrdə bu sistem o qədər mükəmməl qurulub ki, 15-20 km məsafədən maşındakı CPS sistemi xəbər verir ki, sizi qarşıda tıxac gözləyir, tıxac 10 dəqiqə çəkəcək”.
   Mütəxəssisin sözlərinə görə, yol-məlumat nişanlarının qoyulmasında əlaqədar qurumlar Mədəniyyət və Turizm Nazirliyinin yerlərdəki şöbələri ilə birgə işləməlidirlər. Yolboyu tarix-mədəniyyət abidələri ilə bağlı lövhələrin qoyulması, köhnə məlumatların yeniləri ilə əvəz edilməsi, turistlərin dolğun məlumatlandırılması ümumilikdə turizm xidmətinin keyfiyyətinə müsbət təsir edən amillərdir”.
 

   İstirahət mərkəzlərini xəritədə axtarmaq lazım gəlməyəcək
   
   «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, yeni çəkilən magistral yollarda müvafiq məlumatlandırıcı işarələr qoyulur. O ki qaldı turistlərin məlumatlandırılması üçün lövhələrin, eləcə də əcnəbi dillərdə yol nişanlarının qoyulmasına, P.Mürsəliyev dedi ki, bu iş digər qurumlarla birlikdə həyata keçirilməlidir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov turizm obyektlərinə gedən yollarda nişanların qoyulması ilə bağlı məsələlərin nazirliyin diqqətində olduğunu bildirir. Onun sözlərinə görə, «Turizm ili» ilə bağlı Tədbirlər Planında da bu məsələnin yer alması onun aktuallığını artırır. Bu yaxınlarda nazirlik tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanın 20 adda tarixi-mədəniyyət obyektlərinə xüsusi lövhələr vurulub. Bundan əlavə, artıq Azərbaycanda istirahət mərkəzlərini də xəritədə uzun-uzadı axtarmaq lazım gəlməyəcək. Həm paytaxtda, həm də bölgələrdə turizm obyektlərinə gedən yollara xüsusi nişanlar qoyulur.
   Qeyd edək ki, bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Turizm-informasiya nişanları” dövlət standartını təsdiqləyib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, bu standartlara turizm resurslarının, yəni təbiət, sosial-mədəni obyektlər, o cümlədən daşınmaz maddi tarix-mədəniyyət dəyərlərinin göstərilməsi üçün nəzərdə tutulmuş turizm-informasiya simvollarından ibarət informasiyanın daşıyıcısı olan turizm-informasiya nişanları aiddir. Eyni qaydalar mehmanxanalar, turistlər üçün digər yerləşmə yerləri, nəqliyyat xidməti, ictimai iaşə, əyləncə obyektləri, sağlamlıq, işgüzar, idman və digər təyinatlı obyektlərə də aiddir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar