Beynəlxalq Muğam Mərkəzində (BMM) aprelin 14-də “Musiqi palitrası” adlı konsert proqramı təqdim olundu.

Əməkdar artist, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Prezident mükafatçısı İnarə Babayeva yerli və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış etdi. Sevilən vokal ifaçını pianoçu Roza Səlimova müşayiət edirdi.

Konsertin adından da bəlli olduğu kimi, ifaçı musiqinin bir-birindən maraqlı rəng çalarlarını təqdim etdi. Bu palitrada hər bir əsərin rəngi ilə yanaşı səsin də rəngi və ətrini duymaq, hiss etmək olurdu. Bəzən boz, bəzən əlvan, isti və soyuq rənglərlə təqdim olunan musiqi palitrasında A.Stradella, V.Bellini, A.Dvorjak, T.Quliyev kimi bəstəkarların əlvan sənət dünyasına səyahət tamaşaçılarda xoş təəssürat yaratdı. Müğənni güclü səs tembri və gözəl səhnə görkəmi ilə sənətsevərlərin estetik zövqünə zənginlik bəxş edə bildi. Sənətçi səsləndirdiyi əsərlərin xarakterini yaşamaqla həm də aktrisalıq məharətini nümayiş etdirdi.

Qeyd edək ki, İnarə Babayeva Opera və Balet Teatrının repertuarında yer alan Azərbaycan və dünya bəstəkarlarının bir sıra əsərlərinin tamaşalarında əsas partiyaların ifaçısı kimi opera həvəskarlarının rəğbətini qazanıb.

Lalə Azəri