Aprelin 17-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

Dövlət Xidmətindən bildirilib ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və “İCOMOS- Azərbaycan”ın rəhbəri Sədaqət Davudova da iştirak edib.

Səfər çərçivəsində erməni vandalizminə məruz qalmış “İmarət” kompleksinə, Cümə məscidinə, Dram teatrının, Çörək muzeyinin qalıqlarına, Şahbulaq qalasına, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.