Bu günlərdə ruhumuzu oxşayan, hər birimizi riqqətə gətirən yaddaqalan bir musiqili axşamına qonaq olduq. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində təhsil ocağının böyük zalında hazırda Almaniyanın Trossingen şəhərində doktorant pilləsində təhsilini davam etdirən həmyerlimiz, məktəb-studiyanın istedadlı yetirməsi, gənc pianoçu Murad Abasovun solo konserti keçirildi.

Avropa musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dahi polyak bəstəkarı F.Şopen yaradıcılığının azərbaycanlı gənc tərəfindən mükəmməl və bənzərsiz interpretasiyası tamaşaçıları feyzyab etdi. Bu, elə bir ifa idi ki, insanın ruhunu bir anlıq hüdudsuz kainatın sehrinə aparır, düşüncə və hisslərin rəvan, bəzən isə təzadlı hala gəlməsinə səbəb olurdu. Şopenin şah əsəri – sol minor balladasının ilk akkordları ilə konsert salonunda fərqli ab-hava yaranır, ardından səslənən obraz və xarakter baxımından müxtəlif prelüdlər, xüsusən də, mürəkkəb passajları ilə zəngin 24 №-li prelüd bir-birini əvəz edirdi. Murad Abasovun hərarətli ifası texniki cəhətdən qəliz, ifaçıdan virtuozluq tələb edən 1 №-li etüddə özünü büruzə verir, “İnqilabi etüd”də isə ifaçı əsərin təkcə texniki mürəkkəbliyini deyil, həmçinin etüdün əsas qayəsi – mübarizə ruhunu tam anlamı ilə tamaşaçıya çatdıra bilmişdir. Digər musiqi nömrəsi – Şopenin dramaturji baxımdan mürəkkəbliyi ilə seçilən 2 №-li sonatası oldu. Bu əsəri dinlədikdə elə təsəvvür oyanırdı ki, sanki səhnədə ifaçıdan başqa aktyorlar da var. Əlbəttə ki, bir neçə obrazı eyni zamanda canlandırmaq ifaçının ustalığından və zəngin daxili aləmindən xəbər verir.

Yeddi ilə yaxındır ki, Murad Abasov Almaniyada sevib seçdiyi sənətinin mükəmməlliyinə doğru gedir. Hər bir yüksəlişin bir başlanğıcı olduğu kimi, gənc pianoçunun da ilk addımlarının atdığı bir ocaq var. Gənc ifaçının vurğunu olduğu sənət yolu, professor Tərlan Seyidovun yaratdığı BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasından başlamışdır. Qeyd etməliyik ki, pianoçu Murad Abasovun simasında məktəb-studiyanın bir çox yetirmələri hazırda Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələri üzrə dünya arenasında layiqli şəkildə çıxış edirlər. Artıq peşəkar səhnədə öz yerlərini təsdiqləmiş musiqiçilər arasında Azərbaycanın Əməkdar artisti, dirijor Fuad İbrahimov, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, BMA-nın və məktəb-studiyanın müəllimləri və beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Zərif Kərimova, Nərgiz Kəngərli, Vüsalə Babayeva, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Tural Məmmədli və məktəb-studiyanın digər məzunlarının adlarını çəkə bilərik. Bu istedadlar siyahısının artacağını əminliklə söyləmək olar, çünki bu gün də məktəb-studiyada təhsil alan şagirdlərin əksəriyyəti müxtəlif beynəlxalq və respublika müsabiqələrində iştirak edərək uğur qazanırlar. Onların arasında yuxarı sinif şagirdləri Teymur Kazımov, Nurel Kərimova, Zərrin Şükür, Davud Ağalar və başqaları qürurverici çıxışları ilə hər kəsi sevindirirlər.

Uğur iki məqamda – müəllimin şagirdə göstərdiyi doğru yol və şagirdin çalışqanlığı sayəsində yaranır. Bugünkü qəhrəmanımız – gənc pianoçu Murad Abasov fortepiano ifaçılıq sənətinin sirlərini məktəb-studiyada uzun illər səmərəli fəaliyyət göstərən Əməkdar müəllim Ayişə Əliyevanın sinfində mənimsəmişdir. Düzgün və möhkəm qoyulmuş təməl gənc ifaçının gələcək sənət karyerasında müstəsna rol oynamışdır.

Məktəb-studiyada hərtərəfli zəngin biliyə yiyələnən Murad kiçik yaşlarından müxtəlif respublika və beynəlxalq müsabiqələrdə qalib gələrək laureat adına layiq görülmüşdür. Bu mühitdə yaradıcı insan kimi formalaşan musiqiçi böyük əzmi və istedadı sayəsində qazandığı nailiyyətlərlə Prezident təqaüdünə layiq görülmüş və adını Azərbaycan gənc istedadlarının “Qızıl kitabı”na yazdırmışdır. Ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalında Murad Abasovun Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə unudulmaz çıxışı olmuşdur. Məşhur macar bəstəkarı F.Listin ifa baxımından mürəkkəb üslublu 1 №-li konserti 16 yaşlı Murad Abasovun ifasında öz heyrətamiz təcəssümünü tapa bilmişdir. Simfonik orkestrlə qırılmaz bağ yaradaraq pianoçu əsərin böyük emosional dərinliyini nümayiş etdirmişdir.

Doğma olan məktəb-studiyada qazandığı bilik və bacarıqlarını Trossingen Universitetində daha da inkişaf etdirən Murad musiqi mədəniyyətinin beşiklərindən sayılan Almaniyada Vətənimizin adını daim ucaldır. İxtisas müəllimi professor Tomislav Baynov tələbəsinin qeyri-adi qabiliyyətini yüksək qiymətləndirərək onu “Gold stück” (“Qızıl parçası”) adlandırır.

Xüsusilə qeyd etməliyik ki, Murad ilk azərbaycanlı tələbə olaraq Trossingen Universitetində bakalavr pilləsini bitirdikdən dərhal sonra həmin universitetin doktorant pilləsinə vəsiqə qazanıb. O, Almaniyadakı təhsil müddətində mütəmadi olaraq müxtəlif müsabiqə və festivallarda çıxış edib. 2016-ci ildə Almaniyanın Myulakker şəhərində “Baden-Vürtenberqdə musiqi istedadları” beynəlxalq müsabiqədə professional çıxış sərgiləyərək qalibiyyətə nail olur və “Assoluto” adlı yüksək mükafata layiq görülür. Elə həmin ildə Almaniyanın Geilenkirchen şəhərində keçirilən “Euregio Piano Award” IV Beynəlxalq müsabiqəsində iştirakçılar arasında yaş kateqoriyasına görə ən kiçiyi olduğuna baxmayaraq, I yeri qazanır. Bundan başqa, Murad İstanbulun “Yeldəyirmanı Sənət Mərkəzin”də, Almaniyanın Tübingen şəhərində, Ankaranın “Mozarthaus” və Gökyay şahmat muzeyi mərkəzində, İtaliyanın Grosseto şəhərində, Almaniyanın Aach və Ulm şəhərlərində solo konsertlərlə çıxış etmişdir.

Musiqiçinin növbəti konsertlərindən biri də bu yaxınlarda pianoçunun hazırda müəllim kimi fəaliyyət göstərdiyi Almaniyanın Ulm şəhərində baş tutacaq. Bu, pianoçunun Ulmda ikinci solo konsertidir. Murad Abasova yeni yaradıcılıq uğurları arzulayırıq.

Şəfəq Hacıyeva
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas