Aprelin 18-də Azərbaycan Milli Kitabxanasında tanınmış türkiyəli yazar, Türk Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklının 70 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Serhat Kabaklıya yubileyi münasibətilə xoş arzularını çatdırıb. Deyib ki, şair Azərbaycan ədəbiyyatının təbliğində mühüm xidmətləri olan insanlardandır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Serhat Kabaklını bütün Türk dünyası ədəbiyyatının böyük dostu adlandırıb.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, iki şeir kitabının müəllifi olan şairin yaradıcılığının şah əsəri dillərdə əzbərə çevrilən “Bil, oğlum” şeiridir. Millət vəkili Serhat Kabaklını yubileyi münasibətilə təbrik edərək ona “Bakı mənzərəsi” portretini bağışlayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Serhat Kabaklının təşəbbüsü ilə keçirilən tədbir və layihələrdən söz açıb. Bildirib ki, professor Əhməd Kabaklının əsərinin Azərbaycan dilinə tərcüməsi, eləcə də Xalq yazıçısı Anarın yubileyinin Türk Ədəbiyyatı Vəqfində keçirilməsi buna misaldır.

“Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı İmdad Avşar və başqaları çıxış edərək yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.

Serhat Kabaklı tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.