Ədəbiyyat həyatın güzgüsüdür. O güzgüyə diqqətlə baxsaq xalqımızın keçmişini, xoşbəxt çağlarını, başına gələn faciələri aydınca görərik. Bu mənada yaxın tariximizin - 20 Yanvar faciəsinin qan izləri, göz yaşları ədəbiyyatımızda hələ qurumayıb. O qanlı gecənin ilk harayı, ilk əks-sədası isə ədəbiyyatımızın həssas qanadında - poeziyada əksini tapdı. Şəhidlərimiz hələ torpağa tapşırılmamış Xalq şairi Qabilin ürəyinin qanı ilə yazdığı “Mərsiyə”si ədəbiyyatımızı təlatümə gətirdi. Şairin ürəkparçalayan misraları xalqın dərdinə, kədərinə, əhval-ruhiyyəsinə qarışdı.
   
   Öldü gənc, öldü uşaq,
    öldü gəlin-qızlarımız,
   Ölmədi, şəhid oldu neçə yüzlərimiz,
   Bu Kərbəla düzləridir, düzlərimiz,
   Necə qan ağlamasın
    üzlərimiz, gözlərimiz?!
   Gecəni atəş ilə qırmızı qan eylədilər.
   Xalqımı, millətimi gülləbaran eylədilər.
   
   Qabilin harayına Məmməd Aslan “Ağla, qərənfil, ağla” şeri ilə qoşuldu. Vaxtında və zamanında yazılmış bu şeir qərənfilin obrazını, ədəbiyyatımıza gətirib heykəlləşdirdi.
   
   Qərənfil - şəhid qanı,
   Ağla, qərənfil, ağla.
   Ağla, inlət meydanı,
   Ağla, qərənfil ağla.
   
   Xalq şairi Bəxtiyar Vahabzadənin dörd aya yazdığı “Şəhidlər” poeması isə 20 Yanvar müsibətini dastanlaşdırdı. Xalqımızın, millətimizin başına gətirilən qanlı faciənin geniş mənzərəsini, tablosunu ədəbiyyatımızda əbədiləşdirdi.
   
   Qatil gülləsinə qurban gedərkən
   Gözünü sabaha dikdi şəhidlər.
   Üçrəngli bayrağı öz qanlarıyla
   Vətən göylərinə çəkdi şəhidlər.
   
   O ağır, o qanlı günlərdə Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli qələmindən süzülən göz yaşları dərdlərimizə ağı dedi.
   Xalq şairi Zəlimxan Yaqubun hönkürtü, hayqırtı dolu misraları kədər rəngli səmamızda şimşək kimi çaxdı:
   
   Sınar dağların beli, bu qədər
    ah götürməz,
   Adi insan olan kəs belə
    günah götürməz,
   Yerdə bəndə götürsə,
    göydə Allah götürməz,
   Qəm yemə, dəli könlüm,
    nahaq qan yerdə qalmaz.
   
   Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeri müqəddəs yerdə - Şəhidlər xiyabanında hər kəsi bir anlıq dayanmağa, düşünməyə və “Şəhidlər xiyabanı” adlı bir dünyanın sakinlərinin taleyini dinləməyə səslədi:
   
   Dayanın, Şəhidlər xiyabanıdı,
   Yas toya qarışıb, toy yasa burda.
   Qızıl qumaşlarda qara xonçalar,
   Nişan gətiriblər bir qıza burda.
   
   20 Yanvar Güney Azərbaycan ədəbiyyatında da öz əksini tapdı. Bakıda baş vermiş qanlı olaylarda şahidlik zirvəsinə ucalan igidləri Vətənimizin azadlığının mücahidi kimi tərənnüm etdilər. "Varlıq" jurnalının səhifələrində 20 Yanvara həsr rolunmuş xeyli yazılar işıq üzü gördü.
   20 Yanvar nəsrimizdə də öz əksini tapdı. Azadlıq yolunda canını qurban verən Vətən oğullarının həyatından, fədakarlığından bəhs edən neçə-neçə hekayələr, povestlər yarandı. “Fərizə və İlham” dastanı isə xalq arasında XX əsrin son gerçək məhəbbət dastanı kimi tarixə düşdü.
   Zamanında yaranan ədəbiyyat nümunələri ilə yanaşı, ədəbiyyat həm də hadisələrə kənardan baxmaq, müşahidə etmək qüdrətinə malikdir. Vaxtından və zamanından asılı olmayaraq şəhidlik mövzusu ədəbiyyatımızdan keçməkdədir. Hələ XVI əsrdə poeziyamızın dahisi Məhəmməd Füzuli şəhidlik abidəsi olan “Hədiqətüs-süəda” əsərində inam və etiqadları yolunda müsibətlərlə rastlaşan, lakin bu yoldan dönməyən haqq aşiqlərini vəsf etmiş, şəhidliyi ən böyük şərəf və ən böyük rütbə kimi qiymətləndirmişdi.
   Bu mənada 20 Yanvar faciəsi ədəbiyyatımızda zaman-zaman cücərəcək, qanlı tariximizi törədənlər lənətlənəcək, Vətənin azadlığı uğrunda canını qurban verən Vətən övladlarının ruhu ehtiramla yad ediləcək.
   
   Təranə Vahid