Rusiyanın dünya ölkələrində sərgilənən muzey eksponatları geri qaytarılır. Bu barədə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
Onun sözlərinə görə, ümumilikdə 27 ölkədə nümayiş olunan Rusiyanın muzey eksponatlarının hamısı gətiriləcək. Müvafiq qərarın verilməsindən sonra ilk olaraq Parisdə nümayiş etdirilən “Morozovlar kolleksiyası. Müasir incəsənət şedevrləri” sərgisinin əsərləri Rusiyaya gətirilib. “Lui Vitton” Fondunda təqdim olunan sərgi 2021-ci ilin sentyabrında Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə açılmışdı və aprelin 3-dək davam edib.
Qeyd edək ki, Rusiya muzey və qalereyalarının xaricdəki bütün kolleksiyalarını geri qaytarmaq barədə qərar bu yaxınlarda İtaliyadan gətirilən eksponatların Finlandiyada gömrük orqanları tərəfindən saxlanılmasından sonra verilib.
İtaliyanın Milan və Udine şəhərlərindəki sərgilərdən geri gətirilən Rusiya Dövlət Ermitajı (Sankt-Peterburq), Dövlət Tretyakov Qalereyası və A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin eksponatları Rusiyaya qarşı tətbiq edilən sanksiyaları çərçivəsində saxlanılmışdı. Gömrükdə əl qoyulan incəsənət əsərlərinin ümumi dəyəri 42 milyon avrodan çox idi.
Hadisə böyük rezonans doğurdu. Rusiyanın Mədəniyyət və Xaric İşlər nazirlikləri bəyanat yayaraq muzey əşyalarının saxlanılmasını hüquqi özbaşınalıq olduğunu bildirdi. Rusiya tərəfi bu qəbil hərəkətlərə qarşı sanksiyaçı ölkələrin mədəni irsi ilə bağlı adekvat addımlar atacağını da diqqətə çatdırdı. Xeyli çək-çevirdən sonra sənət əsərləri Finlandiya sərhədindən buraxıldı. Bundan sonra Rusiya xaricə muzey kolleksiyaları göndərməyi dayandırıb.
V.Kamal