Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə, həqiqətən də, daha bir dönüş nöqtəsidir.
Prezident İlham Əliyev bu sözləri aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını çatdırmağı xahiş edən dövlət başçısı bildirib ki, Brüssel görüşü başlanğıc nöqtəsi idi. “Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamağa hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistanla sərhədədək həm dəmiryolunu, həm də avtomobil yolunun çəkilişini gələn ilin sonunadək başa çatdıracaq: “Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir”.
Prezident bildirib ki, Brüssel danışıqları ilə bağlı hər iki tərəfin müsbət şərhləri olub: “İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik”.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. “Mənim səfərimin məqsədi bundan ibarətdir” deyən Toivo Klaar Bakıdan sonra həftənin ikinci yarısında İrəvana da gedəcəyini bildirib.