1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Prezident İlham Əliyev bununla bağlı aprelin 19-da sərəncam imzalayıb.
Sərəncamın icrası üçün Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 milyon manat vəsait ayrılıb.
Nazirlikdən bildirilib ki, sərəncam İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 96 nəfərə və digər kateqoriya üzrə 4395 nəfərə şamil olunacaq.