Mayın 8-də saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balaca teatrsevərlər üçün “Qırmızıpapaq və Redmüzi” tamaşasının premyerası olacaq.

Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr-studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan müziklin librettosu və quruluşu gənc rejissor Zəhra Quliyevaya məxsusdur.

Y.Şvartsın məşhur “Qırmızıpapaq” nağılının motivləri əsasında hazırlanan, rəngarəng süjet xətti ilə diqqətçəkən tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, rejissor assistenti, Prezident mükafatçısı Əmrah Dadaşovdur.

Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmüzi) və Fatimə Rəhimlidir (Qırmızıpapaq).

Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehirli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar. Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.