Dövlət İmtahan Mərkəzində (DİM) musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə görüş keçirilib.
DİM-dən verilən xəbərə görə, görüşdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev və DİM-in İmtahanların təşkili və idarə edilməsi departamentinin müdiri Azər Bağırov iştirak ediblər.
Xüsusi qabiliyyət imtahanları ilə bağlı fikir mübadiləsi aparılan görüşün yekununda cari ildə musiqi sənəti istiqaməti üzrə Bakıda fəaliyyət göstərəcək Bəstəkarlıq komissiyasında ixtisas və harmoniya (şifahi), Musiqişünaslıq komissiyasında musiqi ədəbiyyatı və harmoniya (şifahi), qalan digər musiqi komissiyaları üzrə isə yalnız ixtisas fənnindən qabiliyyət imtahanlarının keçirilməsi qərara alınıb. Görüşdə müvafiq istiqamət üzrə qabiliyyət imtahanı proqramları da təsdiq olunub.
DİM-dən bildirilib ki, qabiliyyət imtahanı proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.