İki ölkə arasında 10 sənəd imzalanıb

 

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində münasibətlərimiz bu səviyyədə olmayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüş zamanı söyləyib.

“Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən ediləcək.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin perspektivlərinə toxunan dövlətimizin başçısı deyib: “Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq”.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasından ötən müddətdə çox iş görülüb, lakin hələ çox iş görülməlidir:

“Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq”.

Görüşdə çıxış edən Prezident Sadır Japarov bildirib ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Varisliyi qoruyub saxladığına görə dövlətimizin başçısına minnətdarlıq edən Qırğız Respublikasının Prezidenti deyib: “Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir”.

Ölkələrimiz arasında hər hansı siyasi ziddiyyətin olmadığından məmnunluğunu ifadə edən Prezident Sadır Japarov qeyd edib ki, buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq. “Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir”, – deyə Qırğızıstan Prezidenti vurğulayıb.

***

Aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstanın dövlət başçısı Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” Prezidentlər İlham Əliyev və Sadır Japarov tərəfindən imzalanıb.

Daha sonra iki ölkənin Dövlət İdarəçilik akademiyayaları arasında əməkdaşlıq haqqında memorandum, Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Qırğızıstanın İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Qırğızıstan Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum – müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanıb.

***

Sənədlərin imzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı bildirib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.

“Bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən Türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur”, – deyə Prezident İlham Əliyev bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın dövlət başçısı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə, beynəlxalq və regional mövzulara dair məzmunlu danışıqlar apardıqlarını bildirib: “Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.

İki ölkənin mədəni-humanitar əməkdaşlığına toxunan Sadır Japarov deyib: “Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq”.