Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyini qeyd etdiyimiz Şuşa şəhəri Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Mədəniyyət paytaxtımız yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə parlaq səhifələr yazıb. 28 illik Ermənistanın işğalından azad edilən qala-şəhərimiz dirçəlişinin yeni dövrünü yaşayır.

Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bununla əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Zəfərimizin təntənəsi. 2022-ci il “Şuşa İli”dir” adlı elektron metodik vəsait hazırlanıb. Metodik vəsaitdə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilməsi və Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçısının sərəncamları, habelə Şuşanın işğaldan azad olunması ilə bağlı müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixli xalqa müraciəti öz əksini tapıb. Bundan əlavə, vəsaitdə Şuşa¬nın tarixi haqqında məlumat və əlamətdar illə bağlı kitabxa¬nalarda həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.

Elektron metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/zeferimizin-tentenesi.pdf linkindən istifadə edə bilərlər.