Aprelin 24-də pravoslav xristianları, o cümlədən ölkəmizdəki pravoslav icması Pasxa bayramını qeyd edir.
Prezident İlham Əliyev bu münasibətlə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Təbrik müraciətində deyilir:
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
***
Birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.
***
Pasxa – İsa Məsihin zühur etdiyi müqəddəs günün bayram edilməsidir. Xristianlıq inancına görə, İsa Məsih çarmıxa çəkiləndən üç gün sonra – bazar günü zühur edib.
Pasxa bayramından öncə pravoslav xristianları qırx gün oruc tutur, ibadət edirlər. Sonuncu şənbə gecəsi kilsələrdə mərasimlər keçirilir, müqəddəslərin şərəfinə şam yandırılır, dualar oxunur. Sabahı – bazar günü Pasxa bayramı qeyd olunur.