Milli Kitabxananın əməkdaşları tərəfindən “23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü” adlı virtual sərgi hazırlanıb.

Dünya Kitab və Müəlliflik Hüququ Günü barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 23 aprel Vilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi görkəmli müəlliflərin vəfat etdiyi gündür və UNESCO bu günü onların xatirəsinə ithaf olaraq təsis edib. 1996-cı ildən etibarən kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə Dünya Kitab və Müəlliflik Hüquqları Günü ilə əlaqədar hazırladığı videoçarxı onlayn rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, videoçarxda kitab, mütaliə mövzusunda dəyərli fikirlər yer alıb, kitablara və müəlliflərə dünya miqyasında verilən dəyərdən bəhs edilib.

Materialda Dünya Kitab və Müəlliflik Hüquqları Gününün tarixi, əhəmiyyəti, məqsədi haqqında ətraflı məlumat verilib, 23 aprel tarixinin simvolik xarakter daşıması – Vilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi ədiblərin vəfat tarixi ilə əlaqədar olması diqqətə çatdırılıb.