Bu ilin oktyabrında dahi şair-dramaturq, Azərbaycanda romantizm ədəbi cərəyanının görkəmli nümayəndələrindən Hüseyn Cavidin (1882-1941) 140 illik yubileyi tamam olur.

Ədəbiyyatımızda mənzum faciənin banisi olan Hüseyn Cavid Azərbaycanın  ictimai fikir tarixində silinməz iş qoyan ədiblərdəndir. 30-cu illərin repressiya dalğası böyük şairi qərq etsə də, ədib sanki yenidən doğuldu, zəngin ədəbi irsi zamanın sınağından alnıaçıq çıxaraq layiq olduğu qiymətini aldı.

Xalqını, sahib olduğu milli dəyərləri canından artıq sevən şair bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparıb, təkcə öz vətənini deyil, bütün bəşəriyyəti xoşbəxt görmək üçün qələm çalıb. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçün də azad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” pyesləri, eləcə də ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları müəllifin çoxşaxəli yaradıcılığını əks etdirir. “Atilla”, “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müəllif repressiya olunarkən müsadirə edilib.

Mütəfəkkir şair-dramaturqun 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq, Milli Kitabxananın əməkdaşları tərəfindən “Hüseyn Cavid” mövzusunda virtual sərgi hazırlanıb. Virtual sərgidə ədibin kitabları, fotolar, haqqında yazılan kitab, monoqrafiya və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Huseyn_Cavid/index.htm linkindən istifadə edə bilərlər.