Xırdalan şəhərindəki Heydər Əliyev parkında Dünya Kitab və Müəllif Hüquqları Günü (23 aprel) münasibətilə VIII “Oxu günü” sərgi-festivalı keçirilib.

Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi, “Hədəf Nəşrləri” və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, elm, mədəniyyət və incəsənət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon icra başçısı Abdin Fərzəliyev çıxış edərək Dünya Kitab və Müəllif Hüquqları Gününün əhəmiyyətini qeyd edib, bu kimi tədbirlərin tez-tez keçirilməsinə lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, millət vəkili Aqil Abbas, ANİB-in sədri, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq və digər çıxış edənlər ölkədə kitabın və mütaliənin populyarlığının daha da artırılmasının vacibliyini bildirib və kitab oxuyan cəmiyyətlərin daha tez inkişaf etdiyini vurğulayıblar. Qeyd edilib ki, “Oxu günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Tədbirdə Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə şagirdi Ülvi Ağamalızadə “Bayatı-Şiraz” muğamı və “Xudayar təsnifi”ni, məktəbin saz ansamblı isə “Azərbaycanım” mahnısını ifa edib.

Tədbirdə məktəblilər “Gəlin birgə oxuyaq!” fləşmobuna qatılıb, yüzlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşayıb, yeni kitablar əldə edib, eləcə də öz kitablarını başqa oxucularla dəyişərək bilik mübadiləsi ediblər.

Nurəddin