Bələdçilərin peşə hazırlığı və dolğun məlumat kitablarının nəşri bu işdə mühüm önəm kəsb edir
   
   Azərbaycanda turizm sektoru inkişaf etdikcə, ortaya çıxan problemlərin həlli istiqamətində də tədbirlər görülür. Bu sahədə həlli vacib məsələlərdən biri də sayı ilbəil artmaqda olan mehmanxanaların, mehmanxana tipli obyektlərin, istirahət müəssisələrinin Azərbaycanı təbliğ edən turizm bələdçi nəşrləri ilə təmin olunmasıdır.
   
   Bu mövzunun Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapması (Turizm bələdçiləri üçün Bakı və Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin hazırlanması və təsdiq edilməsi - 21-ci bənd; Mehmanxana və mehmanxana tipli obyektlərin Azərbaycanı təbliğ edən turizm bələdçi kitabı ilə təmin olunması - 34-cü bənd) məsələnin aktuallığını və dövlətin diqqətində olduğunu göstərir.
   
   «Bakı» və «Azərbaycan» bələdçi kitabları nəşr olunub
   
   Tədbirlər Planında bu istiqamətdə nəzərdə tutulan işlərlə bağlı məlumat almaq üçün Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncova müraciət etdik. Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının təbliği məqsədilə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən «Bakı» və «Azərbaycan» bələdçi kitabları nəşr olunub: “Bu nəşrlərdə Azərbaycanın mədəniyyəti, tarixi, gəzməli-görməli məkanları, təbiəti, mətbəxi, turizm istirahət mərkəzləri, nəqliyyat xidmətləri və s. haqqında geniş məlumatlar öz əksini tapıb. Yaxın günlərdə həmin bələdçi kitabları Bakıda yerləşən mehmanxana və mehmanxana tipli müəssisələrə təqdim ediləcək».
   
   Bələdçi kursları problemin həllinə kömək edəcək
   
   Qeyd edək ki, son illər Azərbaycan turizmində ən çox müzakirə edilən məsələlərdən biri də təcrübəli bələdçilərin sayının azlığı ilə bağlıdır. Turistlərlə bilavasitə bələdçi-tərcüməçilər təmasda olduğundan, onların peşəkarlığı ümumən turizm işinin keyfiyyətinə təsir edir. Belə kadrlar geniş dünyagörüşünə, mükəmməl biliyə, insanlarla ünsiyyət qurmaq bacarığına malik olmalıdırlar. Turizmin inkişaf etdiyi ölkələrdə bu fakta xüsusi önəm verilir. Üstəlik bələdçiliklə məşğul olmaq istəyən şəxsin mütləq lisenziyası olmalıdır. Məsələn, Ukraynada və Rusiyada lisenziyasız çalışan bələdçilərə cərimələr nəzərdə tutulur. İtaliyada isə hətta belə icazəsiz fəaliyyət göstərən bələdçinin xidmətindən istifadə edən turisti də cərimə edirlər.
   Azərbaycanda bu problemin həlli istiqamətində son dövrlər bir sıra addımlar atılır. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, ölkə başçısı tərəfindən ötən il təsdiqlənən «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramının tələblərinə uyğun olaraq bu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ATİ-nin nəzdində bələdçi kursları açılıb . İlk kursun 16 nəfər iştirakçısı olub. Onlardan 12-si imtahanları verərək kursu uğurla başa vurublar və yaxın vaxtlarda fəaliyyətə başlayacaqlar. Rektorun fikrincə, kursların davamlı olaraq təşkili ölkə turizmində bu sahədə mövcud olan problemin həllinə kömək edəcək.
   
   Azərbaycan dilində məlumat kitablarına ehtiyac var
   
   Azərbaycan Turizm və Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimovun sözlərinə görə, bələdçinin turistə verdiyi məlumatlar ilk növbədə Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi əsasında hazırlanmalıdır: “Bu qurum müəyyənləşdirməlidir ki, bələdçi ölkəyə gələn qonağa hansı informasiyanı necə təqdim etməlidir. Biz bu problemlə bağlı təkliflərimizi vermişik. Hər xarici dil bilən şəxsdən bələdçi olmaz. Bu işin mütəxəssisi olmağın şərtləri var».
   Bu istiqamətdə mövcud çətinliklərdən biri də Azərbaycan dilində bələdçinin məlumat kitabları ilə bağlıdır: “Rus dilində belə vəsaitlər çoxdur. Azərbaycan dilində isə cəmi 2-3 kitab var ki, onlardan bələdçi olmaq istəyən şəxs bu peşənin sirlərini öyrənə bilər”. 
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar