Mayın 30-da böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 ili tamam olacaq.

Dahi ədibin yubileyi münasibətilə AMEA-nın bir sıra institutlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsi Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib. Akademik deyib ki, Elmi şuranın iclasında yubileylə əlaqədar Şamaxı və Sabirabad şəhərlərində tədbirlərin keçirilməsi (Ədəbiyyat İnstitutu), “Sabir poeziyasında Azərbaycan dilinin leksikası” (Dilçilik İnstitutu), “Sabir və xalq gülüşü” (Folklor İnstitutu), “Mirzə Ələkbər Sabir ədəbi məktəbi və Mirzə Əli Möcüz Şəbüstəri yaradıcılığı” (Əlyazmalar İnstitutu), “Söz dəryasında Sabir dağı” (Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) mövzularında konfrans, elmi sessiya və seminarların təşkili barədə təkliflər irəli sürülüb.

İsa Həbibbəyli qeyd edib ki, nəzərdə tutulan tədbirlər Sabirin həyat və yaradıcılığının ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan əhəmiyyətli addımlar olacaq.