29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Bakı Gənclər Mərkəzində (paytaxtın Sabunçu rayonu) “Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib.
Festivala ölkədə fəaliyyət göstərən uşaq və gənclərdən ibarət rəqs kollektivləri qatılıb. Onların təqdim etdikləri rəqs kompozisiyaları münsiflər – Xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, Əməkdar artist Etibar Zeynalov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Kənan Tağızadə və ritm ifaçısı Cəfər Həsənov, eləcə də rəqqasə-pedaqoq Səbinə İsmayılova tərəfindən qiymətləndirilib.
Birliyin sədri Fərhad Abdulov bildirib ki, rəqs sənəti mədəni-sosial müxtəlifliyə baxmayaraq, insanlar arasında emosional özünüifadə forması kimi harmoniya yaradır. Festivalın təşkilində əsas məqsəd bunu diqqətə çatdırmaqla yanaşı, uşaq və gənclərin yaradıcı potensialının üzə çıxarılması və stimullaşdırılmasıdır.