Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının məzunu, 44 günlük Vətən müharibəsinin şəhidi Elnur Allahverdizadənin fotosərgisinin açılışı olub. Sərgidə şəhidin “street art” (“küçə sənəti”) janrında çəkdiyi müxtəlif süjetli fotoları nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov əbədiyyətə qovuşan şəhidlərimizin daim qəlblərdə yaşayacağını bildirib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə qeyd edib ki, şəhidlərimiz bütün dünyaya nümunə olacaq qəhrəmanlıq salnaməsi yazıblar.
Tədrisin təşkili şöbəsinin müdiri, Elnur Allahverdizadənin müəllimi olmuş Səbinə Tarıverdiyeva Elnurla bağlı xatirələrini bölüşərək, bir müəllim üçün öz tələbəsi haqqında keçmiş zamanda danışmağın ağır olduğunu dilə gətirib.
Şəhidin valideynləri tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, şəhid Elnur Allahverdizadə ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, 2016-cı ildə BSU-nun Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib.