AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli salnaməçi, publisist, teatrşünas, Əməkdar mədəniyyət işçisi Qulam Məmmədlinin (1897-1994) 125 illik yubileyi münasibətilə elmi sessiya keçirilib.

“Görkəmli mənbəşünas Qulam Məmmədli” mövzulu tədbirdə Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov çıxış edərək böyük salnaməçinin XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində unudulmaz iz qoyduğunu bildirib. O, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, ensiklopedik bilik və yaddaş sahibi olan Q.Məmmədlini zəhmət və xidmətlərinə görə türkiyəli tədqiqatçı Orxan Şaiq Gökyayla müqayisə edib.

İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, dosent Aybəniz Rəhimova “Qulam Məmmədli təzkirəsi” mövzusunda məruzə edib. Bildirib ki, tədqiqatçının Əlyazmalar İnstitutunun şəxsi arxiv və əlyazma fondunda “Azərbaycanın alim, yazıçı, şair və başqa görkəmli xadimləri haqqında biblioqrafik materiallar” adı altında irihəcmli “Təzkirə”si mühafizə olunur.

Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, dosent Afaq Əliyeva “Milli mətbuatımızın görkəmli tədqiqatçısı – Qulam Məmmədli” başlıqlı məruzəsində görkəmli publisistin dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi olmasından, milli-mədəni irsimizin tədqiqi, nəşri və təbliği sahəsində müstəsna xidmətlərindən bəhs edib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Şəxsi arxivlərin tədqiqi şöbəsini aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Qulam Məmmədlinin epistolyar irsi” adlı məruzəsində ədəbiyyat xadimlərinin məktublaşmalarının onların həyat və yaradıcılığına dair vacib məqamların üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını nəzərə çatdırıb. Q.Məmmədlinin görkəmli ədiblərə və tanınmış şair-yazıçıların isə ona məktublarının ədəbiyyat tariximizin öyrənilməsində mühüm mənbələrdən olduğu bildirilib.

Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfzadə, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, dosent Əkrəm Bağırov, Elektron resurslar şöbəsinin müdiri Firəngiz Hüseynova çıxış edərək Q.Məmmədlinin ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başladığını bildirib, onun xalq sərvətinə qayğıkeş münasibətindən danışıblar.

Tədbirdə Elektron resurslar şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyev və Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Əsmər Hümbətli tərəfindən hazırlanan videoçarx nümayiş olunub.