Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir.

Layihə üzrə növbəti musiqi axşamı aprelin 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. Gənc pianoçular – respublika və beynəlxalq müsabiqələr laureatları Rüstəm Zeynalov və Ceyhun Əzizovun iştirakı ilə konsert proqramı təqdim olundu.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət xadimləri vardı.

Gənc pianoçuları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Orxan Həşimov) müşayiət edirdi.

Proqramda L.V.Bethovenin fortepiano və orkestr üçün 4 nömrəli konserti və S.Raxmaninovun fortepiano və orkestr üçün “Paqanini mövzusunda rapsodiya”sı ifa olundu. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışına tamaşaçılar gur alqışlarla cavab verdi.

***

“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

Rüstəm Zeynalov 1995-ci ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2018-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib. Daha sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında magistr təhsili alıb və 2020-ci ildə bu təhsil ocağını uğurla başa vurub. 2008-ci ildə Rüstəm Zeynalov Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb, adı gənc istedadların “Qızıl kitabı”na yazılıb. 2018-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı” ilə təltif edilib.

Gənc pianoçuların F.Şopen adına IX Beynəlxalq müsabiqəsinin qalibi olan R.Zeynalov Avropa Pianoçu Müəllimlər Assosiasiyası (EPTA) tərəfindən Xorvatiyada təşkil edilən VIII Beynəlxalq müsabiqədə I yerin qalibi olub və üç xüsusi mükafata layiq görülüb. O, 2019-cu ildə Romada keçirilən IX Beynəlxalq “Young Academy Award” piano yarışmasında birincilik əldə edib. Həmçinin Almaniyada “Young euro classic”, Fransada “Piano Pic”, İtaliyada “Pontino”, MDB-nin Qazaxıstanda keçirilən “Delfi Oyunları” və ölkəmizdə təşkil olunan ənənəvi M.Rostropoviç və Ü.Hacıbəyli beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Ceyhun Əzizov 1999-cu ildə Salyan şəhərində anadan olub. O da Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunudur. 2020-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil olub.

2008-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində III, 2013-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində V.Safonov adına X Beynəlxalq müsabiqədə II, 2018-ci ildə isə Gürcüstanın Tbilisi şəhərində Vaja Çacava adına müsabiqədə II yerə layiq görülüb. 2018-ci ildə Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların XII Beynəlxalq müsabiqəsində I yerin qalibi olub.

Bildirək ki, “Yeni adlar” layihəsi üzrə konsert proqramları iyul ayınadək davam edəcək.

Nurəddin Məmmədli