Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Klassik musiqi axşamı” layihəsi maraqlı konsert proqramları ilə musiqisevərlərin görüşünə gəlməkdə davam edir. Layihə çərçivəsində aprelin 27-də təşkil olunan "Baharın gülüşü" adlı konserti də tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Konsert proqramı müxtəlif janrlara və tarixi dövrlərə aid musiqiləri özündə əks etdirirdi. Tamaşaçılar XVIII əsr klassiklərinin, XIX əsr romantiklərinin musiqi əsərlərindən həzz alaraq əsrdən-əsrə səyahət edə bildilər. Repertuara həmçinin müasir bəstəkarlıq və Azərbaycan xalq musiqisi nümunələri də daxil edilmişdi. Layihənin müəllifi Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Gülnarə Acalovadır. Konsert proqramında əsas ifalar Əməkdar artist, Dövlət Akademik Opera və Balet Teatrının solisti Anton Ferştandt tərəfindən təqdim olundu. İfaçı V.A.Motsart, P.Çaykovski, Q.Qarayev, J.Kern, N.Brodski, S.Prokofyev, G.Sviridovun və digər bəstəkarların repertuarına müraciət etdi. Sənətçi asanlıqla, parlaq və inandırıcı şəkildə bir obrazdan digərinə reinkarnasiya edərək hər bir musiqi nömrəsi üçün düzgün vokal və aktyorluq rənglərini seçə bilirdi. Bu da proqramın daha dolğun və möhtəşəm keçməsinə şərait yaradırdı. Fortepiano partiyalarını respublika və beynəlxalq müsabiqələr laureatları Nərminə İsmayılova, Camali Abdinzadə, Zəhra Cahan Şıxəliyeva, Əzizə Ağazadə və İlqar Əliyev ifa etdilər.

Musiqi axşamının sonunda Əməkdar artist, BMA-nın baş müəllimi Naala Baratelianın dirijorluğu ilə beynəlxalq müsabiqələr laureatı, “Lumineux” vokal-xor ansamblının çıxışı konsert proqramını daha da zənginləşdirdi. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Lalə Azəri