Latviyalı rəssam Dase Ştrausanın indiyədək müxtəlif məkanlarda nümayiş olunan “Qarabağ atları” silsiləsindən əsərləri bu dəfə Qarabağın baş şəhəri – Şuşada sərgilənir.

Aprelin 28-də Şuşada açılan sərgi Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub. Ölkəmizdə səfərdə olan Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks sərginin açılışında iştirak edib.

Açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa ölkəmizlə əlaqələrin bir çox istiqamətdə, o cümlədən humanitar sahədə inkişaf etdiyini bildirib. Bu əlaqələrin tarixən mövcud olduğunu vurğulayan V.Buşa qeyd edib ki, məşhur latviyalı rəssam Yuli Straume 1907-1923-cü illərdə Şuşada yaşayıb, burada dərs deyib. O, öz əsərlərində Qarabağ ornamentlərindən istifadə edib.

Sərginin müəllifi – xanım Dase Ştrausa Qarabağda, Şuşada olmaqdan məmnunluğunu, Qarabağ atlarının gözəlliyinə heyranlığını bildirib: “Mən bundan sonra da Qarabağ atlarını çəkəcəyəm. Onların gözəlliyini və möhtəşəmliyini bütün dünyaya göstərmək istəyirəm...”.

Latviyalı nazir Artis Pabriks qeyd edib ki, at dostluq, azadlıq və müdriklik rəmzidir. Bu sərgi Azərbaycanın Şuşa şəhərinə qayıdışının, sülhün və sabitliyin göstəricisidir. Şuşada görülən bərpa-quruculuq işləri ilə tanış olan qonaq deyib: “Burada həyata keçirilən bərpa işləri ilə tanış oldum. Görülən işlər məni valeh etdi”.

Tədbirdə “Vətən” musiqi qrupunun ifası dinlənilib.

Səfər çərçivəsində Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi məkanları ilə tanış olub. Qonaqlara Şuşada erməni işğalı zamanı dağıdılmış binalar, o cümlədən Xurşidbanu Natəvanın evi barədə məlumat verilib. Nümayəndə heyəti bərpa prosesində olan Gövhər Ağa məscidi, bərpa olunmuş Şuşa qalası və Bülbülün yenidən qurulmuş ev-muzeyinə baxıb, Cıdır düzündə olub.