Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinə qədər Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq və onun uzunluğu 4 km-dən 6 km-ə çatdırılacaq.
Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, hazırda həmin istiqamətdə bütün tikililər sökülüb: «Yalnız Gəmi Təmiri Zavodunun bir hissəsi qalıb ki, o da yaxın bir neçə ay ərzində ərazidən çıxarılacaq. Müsabiqəyə qədər bulvarın Dövlət Bayrağı Meydanına qədər uzadılması başa çatacaq».
N.Məcidov qeyd edib ki, Dənizkənarı Bulvarın Qaraşəhər istiqamətində də uzadılması nəzərdə tutulur. Bu proses təxminən 10 il çəkəcək: “İşlərin gedişi buradakı obyektlərin çıxarılmasından asılı olacaq”.
Rəis müavini deyib ki, xarici qonaqlara lazımi səviyyədə xidmət göstərilməsi üçün Dənizkənarı Bulvar İdarəsinin və bulvardakı obyektlərin əməkdaşlarına ingilis dili üzrə treninqlər keçiriləcək: «Onlara ingilis dilində danışıq və ünsiyyət qabiliyyəti öyrədiləcək».
N.Məcidovun sözlərinə görə, müsabiqə vaxtı Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində işləyəcək: «Bulvarda böyük bir monitor quraşdırılıb. Monitorda xarici turistlər üçün zəruri informasiyalar, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatlar yerləşdiriləcək. Dəniz gəzintiləri üçün nəzərdə tutulan gəmilər də yenilənəcək, 3-4 yeni gəmi alınacaq».