Rusiya Böyük Teatrının (Moskva) solisti Elçin Əzizov “BraVo” Beynəlxalq Peşəkar Musiqi Mükafatına layiq görülüb.

“BraVo” mükafatının – “qızılı not açarı”nın builki təqdimatının aprelin 24-də Böyük Teatrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərasim sonradan təxirə salınıb və mükafatları onlayn formatda təqdim etmək qərara alınıb.

Mükafatın Rusiya Federasiyası üzrə 12 nominasiyada (“Ən yaxşı klassik qadın vokalı”, “Ən yaxşı klassik kişi vokalı”, “İlin orkestri”, “İlin operası”, “İlin baleti” və s.) qalibləri, həmçinin Avrasiyanın 12 ölkəsindən laureatları elan edilib. Qeyd etmək lazımdır ki, laureatların bir neçəsi elə Rusiyada sənət fəaliyyəti göstərir.

Azərbaycanın Xalq artisti, Böyük Teatrının solisti Elçin Əzizov klassik səhnənin ən populyar nümayəndələrindən biri kimi 2022-ci ildə “BraVo” Beynəlxalq Peşəkar Musiqi Mükafatı ilə təltif olunub.

Laureatlar arasında Türkiyədən məşhur fleyta ifaçısı Şefika Kutluer, Belarusdan soprano Marta Danuseviç, Qazaxıstandan bariton Sundet Bayqojin, Ermənistandan soprano Nina Minasyan, Macarıstandan pianoçu Balaj Xavaşi, Serbiyadan skripkaçı Nemanya Raduloviç, Çindən soprano Li Cjan, eləcə də Misir, BƏƏ, Cənubi Koreya və Monqolustan təmsilçiləri var.

Avrasiya materiki ölkələrinin klassik musiqi sahəsində ifaçı və kollektivlərin təltif olunduğu “BraVo” mükafatı 2017-ci ildə təsis edilib. Layihənin məqsədi klassik musiqi ifaçılarının, opera və balet ulduzlarının uğurlarını təşviq etməkdir. İlk mükafatlar 2018-ci ildə təqdim olunub. Beynəlxalq mükafatın baş sponsoru “Rosneft” şirkətidir.

V.Kamal