Otuz il ərzində biz UNESCO-dan işğal altındakı ərazilərə gəlməyi xahiş edirdik. Onlar hər zaman rədd edirdilər.

Prezident İlham Əliyev bu fikri aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılmasına UNESCO-nun münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra uydurma, feyk “faktlar”la Azərbaycan əleyhinə bir “hekayə” ortaya atılmışdı ki, guya Azərbaycan işğaldan azad etdiyimi ərazilərində erməni mədəni irsini dağıdacaq: “UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq biz mətnin və missiyanın tərkibi üzərində razılığa gəldik. Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur”.

Prezident qeyd edib ki, müharibə bitəndən sonra vəziyyət dəyişdi: “Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandakı dini və tarixi irs bütün Azərbaycan xalqına məxsusdur: “Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq – bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər. Lakin, əlbəttə, bu ikili standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar olsun, biz artıq onunla yaşamağa öyrəşmişik...”.