Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyat səbəbindən üzləşdiyi genişmiqyaslı sanksiyalar ölkənin mədəni həyatına da ciddi təsir göstərməkdədir. Avropa və Amerikanın kino yayımı şirkətlərinin Rusiya ilə əməkdaşlığı dayandırmasından sonra yerli kinoteatrlar repertuar qıtlığı ilə üzləşib. Nəticədə ölkədəki kinoteatrların yarısı bağlana bilər.

Rusiya Kinoteatrlar Assosiasiyasının məlumatına görə, hətta pandemiyanın ən ağır dövründə kino prokatı belə çətinlik yaşamamışdı. Qeyd olunur ki, pandemiya dövründə kino yayımı bazarında tamaşaçı-baxış sayı 33,6 faiz, ümumi kassa yığımı isə 26,6 faiz azalmışdı.

“Son iki ayın hadisələri isə Rusiya kino prokatı sənayesini dramatik şəkildə dəyişdirib”, – deyə assosiasiyanın məlumatında bildirilir. Məlumata görə, 2022-ci ilin martında 2019-cu ilin eyni ayı ilə müqayisədə kinoteatrlarda ziyarət sayı 54, yığım isə 59 faiz azalıb. Nəticədə aprel ayında ölkə üzrə kinoteatrların 36,4 faizi fəaliyyətini dayandırmalı olub.

“Repertuar çatışmazlığı yaxın 2 ayda kinoteatrların gəlirini 80 faizdən çox aşağı salacaq və mövcud kino zallarının minimum 50 faizinin bağlanmasına gətirəcək”, – deyə assosiasiya xəbərdarlıq edir.

Son olaylar üzündən 44-cü Moskva Beynəlxalq Kino Festivalı da ertələnib. 21-28 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan festival 2022-ci ilin ikinci yarısına keçirilib. Səbəb isə dəvət olunan xarici iştirakçı və qonaqların çoxunun mövcud şəraitdə gəlməkdən imtina etməsidir.

V.Kamal