Xəbər verdiyimiz kimi, Özbəkistanın Xivə şəhərində keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalında ölkəmiz də təmsil olunub. Festivalda Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə rəqs qrupu iştirak edib.

Qeyd edək ki, Özbəkistanın “Xarəzm ləzgi rəqsi” 2019-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ilk dəfə gerçəkləşən festivala UNESCO dəstək verib.

26-30 aprel tarixində Xivə şəhərindəki “İçan-kala” kompleksində keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalının qala-konsertində qaliblər elan olunub.

Özbəkistanın nümayəndəsi Dilnoza Artıkova baş mükafatı – Qran-prini qazanıb. Özbəkistan, Qazaxıstan və Bolqarıstan kollektivləri birinci dərəcəli diplomla təltif olunublar.

Azərbaycan, Özbəkistan, Hindistan və Tacikistan kollektivlərinə ikinci dərəcəli diplom təqdim olunub. Azərbaycan rəqqasları “Ən gözəl kollektiv rəqs” nominasiyasında mükafata layiq görülüblər. Üçüncü yeri Türkiyə və Qırğızıstan rəqqasları tutub.

Dövlət Mahnı və Rəqs Ansamblının heyəti müsabiqədə “Cəngi” (solistlər Əməkdar artistlər Elnur Süleymanov və Nigar Şahmuradova), “Yüzbiri” (solist Əməkdar artist Günel Şeyxova), “Ay ləli” (solist Əməkdar artist Viktoriya Şahmuradova) və “Yallı” xalq rəqslərini ifa ediblər. Ansamblın baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.

Xatırladaq ki, dünyanın 30 ölkəsindən rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi və xoreoqrafın qatıldığı festival çərçivəsində beynəlxalq konfrans, sərgilər, ustad dərsləri təşkil edilib.

Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə festivalda qonaq qismində Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri – Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara) və xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov da iştirak ediblər. Onların festival çərçivəsində çıxışları maraqla qarşılanıb. BMM solistlərinin festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış etməsi alqışlarla müşayiət olunub.

BMM-in solistləri Özbəkistanın Muğam Sənəti Kollecində ustad dərsləri də keçiblər. Vaxtilə Azərbaycanda tar sənəti üzrə təhsil alan özbək ifaçı Behcan Ağabəy BMM-in solistlərinin konsertlərində nümayəndə heyətimizi dəstəkləyərək onlara yardımçı olub.

Qeyd edək ki, Özbəkistanın mədəniyyət naziri Azərbaycan nümayəndə heyəti ilə görüşərək Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.