Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı yeni səhnə əsəri ilə sənətsevərlərin görüşünə gəlib. Kollektivin rus yazıçısı Mixail Bulqakovun “Morfi” hekayəsinin motivləri əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olub.

Teatr binasının təmiri ilə əlaqədar tamaşa A.S.Qriboyedov adına Rus Dram Teatrının kiçik səhnəsində nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Rolları gənc aktyorlar Telman İsfahanlı, Fuad İsfahanlı, Nərmin Həsənova və Mədinə Həsənova ifa ediblər.

Tamaşa narkotik aludəçisinə çevrilmiş gənc həkim Sergey Polyakovun iztirablarından bəhs edir. O, asılılıqdan yaxa qurtarmağa çalışır, bunun üçün hətta həmkarından kömək istəyir, psixiatriya xəstəxanada da müalicə alır. Lakin zəif iradəsi səbəbindən asılılığı güclənir, vəziyyəti daha da ağırlaşır və hallüsinasiyalar görməyə başlayır. Nəticədə özü öz faciəsini qaçılmaz edir.

Bəşəriyyətin bəlasına çevrilən “ağ ölüm” ilə mübarizənin fərqli səhnə yozumu olan tamaşa maraqla qarşılanıb. Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Tbilisidəki Yunis Əmrə İnstitutunun nümayəndələri, azərbaycanlı ziyalılar, gənclər olub.