Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.

Mayın 5-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi olub. Tədbirdə Azərbaycan, Albaniya, Ermənistan, ABŞ, Pakistan, İspaniya və digər üzv dövlətlərin BMT-dəki daimi nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2021-ci ildə ölkəmizin təşəbbüsü ilə elan olunan “Mədəniyyət naminə sülh” layihəsi üzrə fəaliyyət planı artıq hazırdır. “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri  yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.

Nazir vurğulayıb ki, dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir.  Mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülhün qorunması üçün əvəzsizdir. Azərbaycan tolerant və müxtəlif mədəniyyətli ölkədir. Bu mühit tarix boyu milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqa  malik olub, sülh içində yaşayıb-yaratmasına  təkan verib. Gerçəkləşən layihə də bu amala xidmət edir.

Anar Kərimov layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürünü bildirib. Qeyd edib ki, dünyamız üçün vacib olan “Mədəniyyət naminə sülh” təşəbbüsünün dəstəklənməsi olduqca sevindirici haldır. “Ümidvarıq ki, bundan sonra da layihə beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanaraq sülhün təmin olunmasında beynəlxalq ictimaiyyətə töhfə verəcək. Biz mədəniyyət naminə sülhə inanırıq”, – deyə nazir əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” təşəbbüsünə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Layihəyə dəstək verən BMT-yə üzv dövlətlərin daimi nümayəndələri də çıxışlarında dünyada sülh çağırışı edən Azərbaycan haqda xoş fikirlər söyləyiblər.

Sonda nazir Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalayıblar.