Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 6-da Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Nərimanov rayon 5 saylı Yaşıllaşdırma idarəsinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

Nərimanov rayonundakı Zaur Nudirəliyev küçəsində salınan bağa “Heydər Əliyev və Mstislav Rostropoviç dostluq bağı” adı verilib. Aksiyada muzeyin direktoru vəzifəsini icra edən Günay Əliyeva, Nərimanov rayon 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Aris Muxtarov və hər iki müəssisənin əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər.

Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan incəsənətinin parlaq nümayəndələri Heydər Əliyevin timsalında özlərinə mənəvi dayaq tapıblar. Ulu öndərin xüsusi diqqət göstərdiyi insanlardan biri də dünya şöhrətli musiqi xadimi, həmyerlimiz Mstislav Rostropoviç idi.               

Bu iki dahinin dostluğu Azərbaycan mədəniyyətinin inkişafına xidmət edib. Maestronun Bakıya hər gəlişi əlamətdar hadisələrlə yadda qalıb. M.Rostropoviçin həyatında xeyriyyəçilik böyük rol oynayıb. O, təbiətin mühafizəsi, nəsli kəsilməkdə olan heyvanlar üçün vəsait toplamaq məqsədilə xeyriyyə konsertləri verib. Maestro həmçinin qaçqınlara, ağır xəstəliyə tutulmuş uşaqlara kömək məqsədilə müxtəlif ölkələrdə xeyriyyə konsertləri ilə çıxış edib, o cümlədən doğulduğu Azərbaycan üçün xeyriyyəçilik aksiyalarında iştirak edib.

Heydər Əliyev söhbətlərində M.Rostropoviç haqqında deyiridi: “Mən dostumuzun, həmyerlimizin beynəlxalq nüfuza malik olmasına sevinirəm... Paris Parisdir, Moskva Moskvadır, Bakı isə bizim planetimizin, dahi insanın dünyaya göz açdığı yerdir...”.  

L. və M.Rostropoviçlərin Ev-Muzeyi iki böyük şəxsiyyətin dostluğunu yaşatmaq, eyni zamanda görkəmli musiqiçinin xeyriyyəçilik, təbiət mühafizi kimi ənənələrini davam etdirmək üçün belə bir aksiyanın təşəbbüskarı olaraq çıxış edib. Muzeyin kollektivi ümid edir ki, bu bağda əkilən ağaclar iki dahi insanın dostluq əlaqələrinin bariz nümunəsi kimi gələcək nəsillərə yadigar qalacaq, həmçinin paytaxtımızda ekoloji tarazlığın qorunmasına töhfə olacaq.