Mayın 6-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Həmişə Azərbaycanla olacaq öndər” mövzusunda elmi sessiya keçirilib.

Muzeyin baş direktoru, akademik Rafael Hüseynov mövzu üzrə məruzə ilə çıxış edərək ümummilli liderin Azərbaycanın dövlətçilik və müstəqillik yolundakı şərəfli mübarizəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Heydər Əliyev istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş, parlaq iz qoymuş böyük tarixi şəxsiyyətdir. Böyük dövlət xadimi XX əsrin sonlarının çox ağır, sınaqlı, mübarizəli yollarından Azərbaycanın müstəqilliyini, istiqlalını uğurla keçirərək XXI əsrə çatdırıb.

Rafael Hüseynov deyib ki, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, onlara fəxri adların verilməsi, ev-muzeylərinin açılması, abidələrinin ucaldılması Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi sevgi və qayğısının bariz nümunəsidir.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi nümayiş olunub.