Aydın İsmiyev,
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
 
   
     
   Ölkəmiz artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlayıb
  
  
   Bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri turizmdir. Artıq turizm sektoru əhatə dairəsinə, maliyyə imkanlarına görə dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir.
  
   Çünki səyahətə çıxmaq, gözəl təbiət qoynunda mənalı istirahət etmək, təbii və tarixi abidələri görmək, mədəniyyət və incəsənət nümunələri, rəngarəng adət və ənənələrlə tanış olmaq getdikcə daha çox insanın mənəvi tələbatına çevrilir. Cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi kimi yaranan, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edən turizmin təşkili üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir.
   Hazırda iqtisadiyyatın elə sahələri var ki, burada dünya bazarına çıxıb rəqabət aparmaq çətindir. Turizm sahəsində isə Azərbaycanın rəqabət üçün imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, dövlət də turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Ötən il “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkə prezidenti tərəfindən Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
   2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi dövlət qurumları, özəl sektor, biznes dairələri ilə bərabər, ümumilikdə cəmiyyətin bu sahəyə diqqətini artırıb. Ölkə başçısı Azərbaycanın regionlarına mütəmadi olaraq etdiyi səfərlərində yerlərdə turizmin inkişafına, bu sahədə zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət ayırır, müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyev avqustun 15-də Siyəzən rayonuna səfəri zamanı ictimaiyyətlə görüşündə bu məsələ ilə bağlı demişdir: “Azərbaycanda turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, hotellər, istirahət zonaları, parklar yaradılır. Biz özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə hər bir yerdə, hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır”.
   Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün müvafiq təbliğatın, o cümlədən dünyanın nüfuzlu telekanallarında reklam-tanıtım çarxlarının nümayişi və s. işlərin gücləndirilməsi ilə bərabər, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. Azərbaycana gəlmək istəyən əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdırmaq məqsədilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunması bu qəbildən atılan addımlardan biridir. Vizaların elektron qaydada rəsmiləşdirilməsi qaydası ölkəmizə gəlmək istəyən əcnəbilərin rahatlığı və prosesin şəffaflığı baxımından mühüm yenilikdir. Bundan sonra ölkəsində Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq üçün daha üçüncü ölkəyə getmək məcburiyyətində qalmayacaq. Onun müraciət etdiyi turizm şirkəti çox rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq.
  
   Turizm sahəsinə xarici investisiya qoyuluşları artır
  
   Ölkəmizdə turistlərin qəbulu üçün mehmanxana biznesi də dinamik surətdə inkişaf edir. Hazırda respublikada 46-dək yeni mehmanxananın inşası davam edir və bu ilin sonunadək paytaxtda 6 ədəd beynəlxalq brendli beşulduzlu hotel istifadəyə veriləcək. Digər beş mehmanxananın (“Hilton Baku”, “Marriott”, “Four Seasons”, “Fairmont” və “Jumeirah Bilgah Hotel”) açılışı isə bu ilin sonu və 2012-ci ilin əvvəlində olacaq.
   Ölkənin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərir və bütün turizm regionlarını əhatə edən geniş turizm xidmətləri sisteminin formalaşması istiqamətində müəyyən işlər görülür.
   Hazırda ölkə ərazisində əsasən yerli və xarici investorlar hesabına 6 beşulduzlu hotel inşa edilir və bu ilin sonuna qədər istifadəyə veriləcək. Bununla yanaşı, mövcud hotel turizmi sahəsində yerli investorlarla yanaşı, xarici investisiya qoyuluşları da var.
   Eyni zamanda Bakı şəhərində 3-4 ulduz standartlarına cavab verən kiçik və orta həcmli mehmanxanalar fəaliyyət göstərir, eləcə də bu tipli hotellərin tikintisi davam etdirilir.
   Məlum olduğu kimi, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” yarışmasında Azərbaycan təmsilçiləri birincilik qazanaraq ölkəmizə qələbə qazandırıblar və növbəti il bu yarışma Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. 57-ci “Eurovision -2012” müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm potensialını bir daha dünyaya tanıtdırmaq üçün bir təkan olacaq.
  
   Prioritet fəaliyyət istiqaməti
  
   Azərbaycanda turizmin inkişaf etdirilməsi, ölkənin çoxəsrlik mədəniyyətinin, turizm potensialının xarici ölkələrdə təbliği ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Nazirlik tərəfindən aparılan təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi), habelə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq nəticəsində Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlayıb.
   Region ölkələri arasında beynəlxalq turizm qurumları ilə yaxın əlaqələri də ilk dəfə məhz Azərbaycan qurub. 2009-cu ildə Bakıda Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası keçirilib. Tədbirdə həmin vaxt dünya iqtisadiyyatını ciddi təhlükə qarşısında qoyan maliyyə böhranı və turizm sektorunun bu böhrandan xilası yolları müzakirə olunub. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev iclasın nəticələrindən danışaraq demişdir: “Biz istəyirik ki, Avropanın turizm sahəsində təcrübəsindən daha geniş istifadə edək. Çünki Avropa əsas turizm məkanlardan biri olduğu üçün buradakı ölkələrin təcrübəsi çox böyükdür. Əsas olan isə odur ki, Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının Bakıda keçirilən 49-cu sessiyasına qatılan 40-a yaxın ölkənin nümayəndə heyətləri Azərbaycanın turizm potensialı ilə yaxından tanış oldular. Bizim istədiyimiz də odur ki, Azərbaycanın turizm bazarı Avropa vasitəsilə dünya məkanına çıxsın və Avropa ölkələri arasında özünəməxsus bir özəlliklə seçilən yeni turist məkanı kimi tanınsın. Əlbəttə ki, niyyətimiz də Azərbaycanın gələcəkdə Dünya Turizm Təşkilatında daha fəal iştirakçılardan birinə çevrilməsini təmin etməkdir».
   Mədəniyyət və Turizm Nazirliyi ilə Dünya Turizm Təşkilatı arasındakı əməkdaşlıq getdikcə genişlənir. Bu əməkdaşlıq çərçivəsində ikiillik proqram hazırlanmışdır və imzalanmışdır. 2011-ci ilin 24-28 oktyabr tarixlərində və 2012-ci ildə təşkilatın ekspertlərinin iştirakı ilə turizm statistikasının təkmilləşdirilməsi məqsədilə seminar keçiriləcəkdir.
   2011-2012-ci illərdə Bakıda seminarlar keçirilməsi nəzərdə tutulub. Ekspertlərin iştirakı ilə bu ilin oktyabrında Azərbaycanda turizm statistikasının təkmilləşdirilməsi məqsədilə seminar keçiriləcək. Noyabr ayında isə nazirliyin dəvəti ilə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Azərbaycana səfəri nəzərdə tutulur.
   Yeri gəlmişkən, bu il Azərbaycanın turizm sahəsi üzrə fəaliyyət göstərən üç təşkilatı - Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası Dünya Turizm Təşkilatına assosiasiv üzv qəbul olunub.
  
   Kadr hazırlığı uğurla davam etdirilir
  
   Turizmin inkişafını sürətləndirən və bu sahədə keyfiyyəti yüksəldən amillərdən biri də sahə üzrə kadr hazırlığı siyasətinin düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradıldı. Bu təhsil ocağının məzunları Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala bilirlər. Hazırda institutda 1300-dən çox tələbə 11 ixtisas üzrə bakalavr təhsili alır. Ötən ildən etibarən isə magistr pilləsi üzrə də qəbul elan olunub və 30-a yaxın tələbə magistratura təhsili alır.
   Ötən il institutu 74, bu il isə 192 nəfər bitirib. Onlardan ötən il 14, bu il isə 19 nəfəri milli diplomla yanaşı, Krems Universitetinin də diplomunu alıb. ATİ-nin nəzdində fəaliyyət göstərən Milli Təlim Mərkəzində Dünya Turizm Təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir. Bundan əlavə, Turizm İnstitutunun nəzdində peşə məktəbinin yaradılması məsələsi də hazırda gündəmdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq.
   Bundan əlavə, 2006-cı ildə Mingəçevir şəhərində ölkəmizdə orta təhsilli turizm mütəxəssisi yetişdirən ilk kollec yaradılıb. Hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Kollecdə 2000-dən çox tələbə təhsil alır.
   Bütün bunlarla bərabər, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm xidmətinin keyfiyyətini artırmaq məqsədilə Bakıda və regionlarda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan insanlar üçün hər il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində, müxtəlif istiqamətlər üzrə treninq-kurslar təşkil edir. Azərbaycanın şimal, cənub və qərb bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunan təlim kursları 4 istiqaməti əhatə edir. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri-xadimə ixtisaslarıdır. Kurslarda yüzlərlə dinləyici iştirak edir.
  
   Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır
  
   Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bu turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
   Bu marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Belə ki, Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün layihələr həyata keçirilir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
   Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Rəsmi məlumatlara görə, ötən il Azərbaycana 1 milyon 962 min 906 nəfər əcnəbi gəlib. Onlardan 1 milyon 494 min 725 nəfəri turist olub. Bu ilin ilk 6 ayı ərzində isə bu rəqəm 1 milyon 16 min nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
   2006-cı ilin yay mövsümündə respublikamızın turizm regionlarında 76.900 nəfər turist istirahət etmişdisə, 2010-cu ildə bu rəqəm 190 438 nəfər olub ki, bu da 2,5 dəfə artım deməkdir.
   İndiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 318 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 504-dür. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var. Hazırda ölkədə 208 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
  
   İnvestisiya layihələrinin təşviqi istiqamətində müvafiq işlər aparılır
  
   Azərbaycan xarici investisiya qoyuluşları üçün geniş imkanları olan təhlükəsiz bir ölkədir. Elə bu səbəbdən də ölkəmizdə 2010-cu il ərzində 15,5 milyard dollar investisiya qoyuluşu olub. Bunun 8,2 milyard dolları xarici, 7,3 milyard dolları isə yerli investisiyadır. Bu məbləğin 6,2 milyard dolları neft sektoruna, 9,3 milyardı isə qeyri-neft sektoruna cəlb edilib.
   Ölkədə turizm sektorunun prioritet istiqaməti olaraq infrastrukturların genişləndirilməsinə səbəb olan amillərdən biri də Azərbaycanda cəlbedici turizm növlərindən biri olan MİCE turizmdir. Ölkəmizdə yeni yaradılan müasir və irihəcmli 5 ulduzlu hotellərdə geniş konfrans zalları tikilir və bu turizm növünün daha geniş şəkildə inkişaf etdirilməsinə şərait yaradılır.
   Onu da qeyd edək ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmə dair 8 investisiya layihəsi təqdim olunub. Bu məqsədlə nazirlik tərəfindən həmin layihələrin təşviq olunması istiqamətində müvafiq işlər aparılır. Belə ki, xarici ölkələrdə keçirilən, həmçinin ölkəmizin turizm potensialının tanıdılması məqsədilə təşkil olunan tədbirlərdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin investisiya layihələrinə dair təqdimatlar təşkil edir.
  
   Nəticə
  
   Yuxarıda qeyd etdiklərimiz Azərbaycan dövlətinin ölkədə turizmin inkişafı istiqamətində son bir neçə il ərzində gördüyü işlərin az bir hissəsidir. Fikrimizi Türkiyə Turizm Yatırımçıları Dərnəyinin (TYD) başkanı Turqut Gürun bu yaxınlarda Bakıda olarkən dediyi sözlərlə yekunlaşdırmaq istərdik. 20 ildən sonra ölkəmizə ikinci dəfə səfər edən Turqut Gür Bakıda və imkan tapıb gedə bildiyi regionlarda gördüklərindən heyrətə gəldiyini bildirmişdi: «Müşahidələrim əsasında deyə bilərəm ki, 25 il əvvəl Türkiyədə turizm sahəsi yenicə inkişafa başlayanda oradakı mövcud durum Azərbaycandakı hazırkı durumdan səviyyəsinə görə aşağı idi. Əgər bu sürətlə davam edərsə, Azərbaycan az vaxt içərisində çox böyük nailiyyətlərə imza atacaq».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar