Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərən könüllülər Mədəniyyət Nazirliyi tərəfindən 27 mart – Beynəlxalq Teatr Günü münasibətilə təşkil olunan “Teatrda bir gün” layihəsində fəal iştirak ediblər.

Teatrın könüllüləri mədəniyyət naziri Anar Kərimov müvafiq əmri ilə layihədə aktiv iştiraklarına görə sertifikatlarla mükafatlandırıb.

Bu barədə teatrın inzibatçısı, Akademik Musiqili Teatrında könüllülər qrupunun rəhbəri Aludə Şəkərova məlumat verib. O, göstərilən diqqətə görə gənc könüllülər adından Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

A.Şəkərova könüllülər qrupunun yaranma tarixindən və fəaliyyəti barədə danışıb: “2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, “Akademik Musiqili Teatrın könüllüləri” dəstəsi yarandı. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər istedad və bacarıqları ilə bir-birindən fərqlənən teatrsevər gəncləri bir araya gətirə bilmişik və bu ardıcıllıq yenə də davam edir. Ümumiyyətlə, teatr könüllülərinin yaranma məqsədi ölkəmizdə mədəniyyət sahəsində könüllü qisminin yetərsiz olması idi. Biz bu sahədəki boşluğu teatr könüllüləri ilə aradan qaldırmaq istədik və qısa müddətdə, az da olsa, istədiyimizə nail olduq, incəsənətə, teatra marağı olan gəncləri dəvət etdik. Dəstəmizə qoşulan gənclər əvvəlcə müxtəlif treninqlərdə teatrın pərdəarxası məqamları ilə tanış oldular və müəyyən təcrübə keçdilər”.

Könüllülər qrupunun rəhbəri deyib ki, pandemiya dövründə köməyə ehtiyac duyan sənət adamlarının yanında olublar: “Ötən il Akademik Musiqili Teatrın UNESCO tərəfindən qəbul edilmiş "İnklüziv teatr" layihəsində jest dilini bilən könüllülər iştirak etdilər və "İnklüziv teatr" studiyasının üzvlərinə bacardıqları köməkliyi əsirgəmədilər. Bundan əlavə, 10 mart – Milli Teatr Günü, 27 mart – Beynəlxalq Teatr Günü münasibətilə düzənlənən tədbirlərdə verilən tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməyə çalışmışıq. Teatr və könüllülük – yüksək dəyərdir və həmişə şüarımız belə olub. Bizə yaratdığı şəraitə görə teatrın rəhbərliyinə təşəkkür edirik”.