Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 may – faşizm üzərində Qələbə günü ilə əlaqədar tədbir keçirilib.

“Qələbənin izi ilə” adlı tədbirdə Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vaqif Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Qarabağ müharibəsi veteranları İlham Haşımov, Asəf Fərzəliyev, Elşad Soltanov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Esmira Babayeva və tələbələri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri iştirak ediblər.

MKS-nin direktoru Lətifə Məmmədova 1941-1945-ci illər müharibəsindən, bu müharibədə Azərbaycan oğullarının qəhrəmanlığından danışıb.

Kitabxananın böyük metodisti İradə Hüseynova müharibə dövründə azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi şücaətdən bəhs edib.

Tədbirin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Loğman Zeynalov tarda Ömər Quliyev və kamançada Allahşükür Nəbiyevin müşayiəti ilə mahnılar ifa edib. Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun, 16 nömrəli musiqi məktəbinin şagirdləri Xədicə və Vüsalə Əkbərovaların çıxışları da alqışlarla qarşılanıb.

Sonda faşizm üzərində Qələbə Gününə həsr edilmiş videotəqdimat nümayiş olunub.