Böyük şairin 160, adı ilə şərəflənən poeziya bayramının 60 illiyidir

Bu il görkəmli satirik şair, maarifçi-pedaqoq Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illik yubileyidir. Sabir Azərbaycan ədəbiyyatında tənqidi realist istiqamətin bayraqdarlarından, sağlığında ədəbi məktəb yaratmış söz ustadlarımızdandır.

Şairin yubileyi ilə əlaqədar ölkəmizdə müxtəlif səpkili tədbirlər təşkil olunacaq, onun ədəbiyyat tariximizdəki xidmətləri bir daha yada salınacaq.

Bu il eyni zamanda söz ustadının adı ilə şərəflənən “Sabir poeziya günləri” söz bayramının da yubileyi, 60 illiyidir.

“Sabir poeziya günləri” bu il necə təşkil olunacaq? Bununla bağlı Azərbaycan Yazıçılar Birliyinə (AYB) müraciət etdik. AYB-dən hələlik yalnız onu öyrəndik ki, bu il poeziya bayramının keçirilməsi nəzərdə tutulub, tədbirlə bağı təfərrüat isə yaxın günlərdə məlum olacaq.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsindən isə bildirildi ki, indiyədək olduğu kimi, ədəbiyyat bayramı keçiriləcəyi təqdirdə bu dəfə də nazirlik öz dəstəyini əsirgəməyəcək.

Qeyd edək ki, “Sabir poeziya günləri” ilk dəfə görkəmli şairin 100 illik yubileyi münasibətilə 1962-ci ildə təşkil olunub. Tədbir dövrün tanınmış şairləri Rəsul Rza, Cabir Novruz, Qabil və görkəmli ədəbiyyatşünas, professor Abbas Zamanovun təşəbbüsü və iştirakı ilə gerçəkləşib. Təşkilat komitəsinə vaxtilə tanınmış söz adamları rəhbərlik edib.

Xatırladaq ki, “Sabir poeziya günləri” axırıncı dəfə pandemiyadan əvvəl – 2019-cu ildə Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30-31 may tarixlərində (şairin doğma yurdu Şamaxıda və Bakıda) keçirilib.

Lalə Azəri