Kamran Rzazadə: “Rayonumuzda turizmin inkişafı üçün geniş təbii imkan və şərait var”
  
   Ötən həftəsonu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı nümayəndəliyinin və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə Gədəbəy rayonuna təşkil edilən infotur zamanı fürsətdən istifadə edib rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə ilə söhbət etdik. Maraqlı söhbət əsnasında icra başçısının bizə verdiyi məlumatlar ölkəmizin füsunkar bölgəsi olan Gədəbəy rayonu haqqında təsəvvürümüzü daha da zənginləşdirdi:
  
   - Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan edilməsi böyük turizm potensialı olan Gədəbəy rayonunda da rəğbətlə qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rayonumuza infoturun təşkil olunmasını yüksək qiymətləndirir, bu diqqətə görə nazirliyə təşəkkürümüzü bildiririk.
   Gədəbəy turizm üçün olduqca əlverişli təbii şəraiti olan bölgədir. Rayonun qədim və zəngin tarixi var. XIX əsrin ortalarında Simens qardaşları burada misəritmə zavodu inşa ediblər. Həmin vaxt bu zavod nəinki Avropada, hətta dünyada ən böyük sənaye müəssisələrindən biri idi. Lev Polonski «Simens Qafqazda» adlı kitabında yazır ki, Avropanın mərkəzi şəhərləri olan London, Paris, Sankt-Peterburq kerosin lampa istifadə etdikləri dövrdə Gədəbəy rayonunda elektrik işığı yanıb. Cənubi Qafqazda dəmir yolu xətti 1883-cü ildə çəkilib, bizim rayonda isə 1879-cu ildə dəmir yolu nəqliyyatı fəaliyyət göstərib, yolun uzunluğu 37 kilometr olub. İndi də həmin dəmir yolunun keçdiyi körpülər XIX əsr arxitektura abidəsi kimi qalır. 1870-ci ildə Almaniya mətbuatı yazırdı ki, Gədəbəy Qafqazın mühərrikidir. Bu ilin martında Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə Almaniyada səfərdə olarkən Berlin muzeyinə getdik. Muzeyin Qafqaz bölməsində Gədəbəy xüsusi yer tutur.
   - Hazırda Azərbaycanda qeyri-neft sektoru, o cümlədən də turizm sahəsi sürətlə inkişaf edir. Gədəbəy rayonunun bu inkişafda payı nə qədərdir?
   - Bu gün ölkəmizdə bütün sahələrdə davamlı inkişaf var. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Gədəbəydə qızıl emalı zavodunun istifadəyə verilməsi də buna sübutdur. Yeri gəlmişkən, Gədəbəy Qızıl Zavodunun turizm marşrutuna salınması maraqlı olardı. Bu gün rayonda güclü turizm infrastrukturu yaradılır. Elə götürək təqdimatını keçirdiyimiz «Eldorado» hotelini. Buraya gələn qonaqlar hoteldəki rahatlıqdan çox razılıq edirlər. Son illər rayonda Narzan bulaqlarının üzərində turizm obyektləri tikilib, Novosaratovka kəndində daha bir obyekt fəaliyyətə başlayıb. Yeni tikilən mehmanxanalarımız da var. Hazırda eyni vaxtda 200 qonağı qəbul edib yerləşdirməyə imkanımız çatır.
   - Gədəbəy həm də tarixi abidələr diyarıdır. Bu abidələri turizm marşrutuna salmaqla rayona daha çox turist cəlb etmək olarmı.
   - Gədəbəydə 130-dan çox tarixi abidə mövcuddur. Burada dünya memarlıq incisi kimi qorunub saxlanan Qız qalası var. Bəzi mənbələrdə bu qalanın IX əsrdə tikildiyini yazırlar. Amma o, IV əsrin abidəsidir. Qız qalasının ətrafında Məhrasa deyilən bir tikili də var. Bu, vaxtilə Nəsrəddin Tusi tərəfindən inşa edilən Marağa rəsədxanasının filialı olub. Qız qalası ətrafındakı mənzərəli yerlər olduqca cəlbedicidir. İnsan bura gələndə getmək istəmir. Bu abidəyə 12-15 kilometr uzunluqda at marşrutu təşkil etmək olar. Bu marşrut dağlardan, çaylardan, meşələrdən keçir. Bu yay Türkiyədən və Kanadadan qonaqlarımız gəlmişdi, oraya at marşrutu təşkil etdik. Bu gəzinti onlarda gözəl təəssürat yaratdı.
   - Rayonda daha hansı turizm növlərinin inkişafı üçün perspektiv var?
   - Hazırda biz əhalini əsasən kənd-yaşıl turizmi istiqamətində maarifləndiririk. Mən özüm yerli camaatla bütün görüşlərimdə onlara bu barədə məlumat verirəm, kənd turizminin əhəmiyyətindən danışıram. Əhali özü də turistləri evində saxlamaqda maraqlıdır. Bu yay mövsümündə əsas yolun üzərində yerləşən Slavyanka kəndində bir dənə də boş ev olmayıb. Ümumiyyətlə, Gədəbəyin hər qarışı turizm potensiallıdır. Rayonun ərazisindən böyük çaylar keçir. Zəyəm, Şəmkir, Tovuz çayları öz mənbəyini Gədəbəydən götürür. Bu çayların ətrafında nəhəng meşə massivləri var. Bu meşələr və dağlar gözəl görünüşü ilə yanaşı, turizmin bəzi növləri üçün zəngin potensialdır. Bütün dağlarımız Alp çəmənliyindən ibarətdir. Gədəbəy dağlarının bir kvadrat metr ərazisində 100-dən çox ot və dərman bitkiləri var. Burada yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları - kartof, ət, su, pendir, bal və s. hər yerdə tanınır. Rayonda mineral və süfrə sularının qablaşdırılması ilə bağlı müəssisə işləyir. Müəssisənin gündəlik istehsal gücü 200 tondur. Bu isə bütün Azərbaycanı su ilə təmin etməyə yetər.
   Hazırda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Gədəbəyin bütün sərhəd kəndləri qazlaşdırılır. Kəndlərdə yeni məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları yenidən, müasir standartlara uyğun tikilir. Rayonda üç kənddə ruslar yaşayır: Slavyanka, Novosaratovka, Novoivanovka. Bu kəndlərin əhalisi ilə azərbaycanlı əhali arasında mehriban münasibətlər var.
   - Bu il rayona gələn turistlərin sayı barədə nə deyə bilərsiniz?
   - 2011-ci ilin yay turizm mövsümündə rayona ötən illərdən daha çox yerli və xarici turist gəlib. Hazırda statistika dəqiqləşməyib. Amma qeyd edim ki, əsasən Türkiyə, İran, Avropa ölkələri, o cümlədən Britaniyadan, Almaniyadan qonaqlarımız olub.
   Turist artımının mühüm səbəblərindən biri, bütün ölkəmizdə olduğu kimi, rayonda da aparılan geniş tikinti-quruculuq işləridir. Yol infrastrukturu qurulur. Ölkənin sosial iqtisadi inkişaf dinamikası artır. Bütün bunlar regionlarda turizmin inkişafı üçün gözəl zəmindir. Bundan əlavə, turizm fəaliyyəti ilə məşğul olan sahibkarlara şərait yaradılır. Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər turistlərin sayına əhəmiyyətli dərəcədə müsbət təsir edib.
  
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar