Nadir kitablar hərraca çıxarılıb

 

Son vaxtlar Rusiyada nadir kitab nüsxələrinin hərrac satışına maraq artıb. “Litfond” auksion evində mütəmadi olaraq belə satışlar keçirilir.

Aprelin 21-də böyük rus şairi Aleksandr Puşkinin (1799-1837) sağlığında nəşr olunmuş üç kitab – “Ruslan və Lyudmila”, “Qafqaz əsiri” və “Poltava” poemaları ümumilikdə 7,5 milyon rubla (təxminən 107 min dollar) satılıb.

Puşkinin ilk kitabı – “Ruslan və Lyudmila” poeması 1820-ci ildə işıq üzü görüb və Rusiyada kitab kolleksiyaçıları arasında ən nadir nüxsələrdən sayılır. “Qafqaz əsiri” mənzum povesti 1822-ci ildə nəşr olunub. Şairin 1828-ci ildə yazdığı “Poltava” poeması isə bir il sonra o dövr üçün kifayət qədər böyük tirajla – 1200 nüsxə çap edilib.

Üç kitabdan ibarət dəstin ilkin hərrac qiyməti 6 milyon rubl (85 min dollar) olub.

Bir qədər əvvəl Puşkinin ən məşhur əsəri – “Yevgeni Onegin” mənzum romanının 1833-cü ildə işıq üzü görən ilk nəşri 1 milyon rubla satılmışdı. Sankt-Peterburqda 2000 tirajla çap olunmuş kitabın hazırda yaxşı vəziyyətdə qalan nüsxələri nadir tapıntı sayılır.

Mayın 12-də isə “Litfond” auksion evində görkəmli rus yazıçısı Nikolay Qoqolun sağlığında çap olunmuş yeganə seçilmiş əsərlər dəsti – dördcildliyi hərraca çıxarılacaq. Dördcildliyə yazıçının “Dikanka yanında xutor axşamları” hekayələr toplusu, bu toplunun davamı sayılan “Mirqorod” povestləri, eləcə də ayrıca “Povestlər” və “Komediyalar” kitabları daxildir. Kitablar dəri cilddə, Qoqolun imzası və şəxsi möhürü ilə çap olunub.

Dəstin ilkin satış qiyməti 2,8 milyon rubl (hazırkı kursla 40 min dollar) elan olunub.

V.Kamal