Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

151 il əvvəl...

10 may 1871-ci ildə Almaniya və Fransa arasında müharibənin (1870-1871) yekunlarına dair Frankfurt sülhü imzalanıb. Sazişə əsasən, müharibədən qalib çıxan Almaniya Fransanın Elzas və Lotaringiya vilayətlərini özünə birləşdirdi. Birinci Dünya müharibəsinin (1914-1918) nəticələrinə görə, Fransa itirdiyi əraziləri geri aldı.

 

105 il əvvəl...

11 may 1917-ci ildə Moskvada Ümumrusiya müsəlmanlarının 1-ci qurultayının (1-11 may) yekun sənədləri sırasında Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamədə Rusiyanın federativ respublikaya çevrilməsi, milli bölgələrə muxtariyyətin verilməsi əksini tapmışdı. İmperiyanın bütün bölgələrini təmsil edən 800-dək nümayəndənin qatıldığı qurultayın rəyasət heyətinə azərbaycanlı Əlimərdan bəy Topçubaşov da daxil idi. Qurultayda Ümumrusiya Müsəlmanlarının Mərkəzi Şurasının yaradılması barədə qərar da qəbul olunub.

 

89 il əvvəl...

10 may 1933-cü ildə Almaniyada hakimiyyətə gəlmiş faşistlər paytaxt Berlində və digər şəhərlərdə “tonqal bayramları” təşkil ediblər. Faşist ideyalarına zidd olan yüz minlərlə kitab, o cümlədən klassik alman yazıçılarının əsərləri yandırılıb.

 

82 il əvvəl...

10 may 1940-cı ildə Hitler Almaniyası Avropanın neytrallıq elan etmiş ölkələrinə – Lüksemburq, Hollandiya və Belçikaya hücum edib. Lüksemburq həmin gün, Hollandiya mayın 15-də, Fransa və Britaniyanın yardım göstərdiyi Belçika isə mayın 28-də işğal olundu.

 

83 il əvvəl...

11 may 1939-cu ildə Uzaq Şərqdə Xalxin-Qol çayı üzərində sovet-monqol və yapon qoşunları arasında döyüşlər başlayıb. Müharibəyə səbəb Yaponiya qüvvələrinin Monqolustanın SSRİ ilə sərhəd bölgələrinə hücumu olmuşdu. Monqolustanla qarşılıqlı hərbi yardım sazişi olan SSRİ buna cavab olaraq müharibəyə qoşuldu. General Georgi Jukovun başçılığı altında sovet-monqol qoşunlarının birgə əməliyyatları nəticəsində avqustun 31-də Yaponiya qüvvələri Monqolustan ərazisini tərk etməli oldular, sentyabrın 16-da isə Yaponiya sülh bağlamağı xahiş etdi. Rəsmi statistikaya görə, sovet-monqol qüvvələri 20 min nəfər, Yaponiya 60 min nəfər itki vermişdi. Yaponiya ilə bağlanan sülh 1941-1945-ci illər müharibəsi dövründə SSRİ-ni Şərq cəbhəsi sarıdan nisbətən arxayın etmişdi.

 

57 il əvvəl...

12 may 1965-ci ildə Almaniya Federativ Respublikası yəhudi soyqırımına görə (Holokost) rəsmən üzr istəyərək İsrail dövlətini tanıyıb və onunla diplomatik əlaqələr qurub. Buna etiraz olaraq ərəb dövlətləri AFR ilə əlaqələri kəsiblər.

 

28 il əvvəl...

12 may 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu” qüvvəyə minib. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdı. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu. Sənədə əsasən, tərəflər daha sonra beynəlxalq vasitəçilik sayəsində yekun sülh sazişi imzalamalı idilər.

 

18 il əvvəl...

10 may 2004-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə, maarifçilik, mədəniyyət və digər istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

Hazırladı: V.Orxan