Nazirlik yeni layihəyə başlayıb

 

Mədəniyyət Nazirliyi “Mədəni gənclik” adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi gənclərin incəsənətə marağının artırılması və ölkənin mədəni həyatında yaxından iştirakına şərait yaradılmasıdır.

Mayın 6-da layihə çərçivəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin Bakı Dövlət Universitetində (BDU) tələbələrlə görüşü keçirildi.

Layihə haqqında məlumat verən mədəniyyət nazirinin birinci müavini vurğuladı ki, mədəniyyətin yaşadılması, nəsildən-nəslə ötürülməsi üçün gənclərin mədəni proseslərdə iştirakı müstəsna əhəmiyyət daşıyır. Azərbaycanda mədəniyyət məhsulu və xidmətlərinin gənclər üçün daha cəlbedici olması, gənclərin mədəni tədbirlərdə iştiraka təşviq edilməsi cəmiyyətin inkişafı üçün çox vacibdir. Gənc nəsli ölkədəki mədəni proseslərdə iştiraka stimullaşdırmaq onlarda incəsənəti duymaq, qiymətləndirmək, sevmək və bədii dəyərlər yaratmaq qabiliyyətini formalaşdırır. Təhsilin mədəni ölçüsünün yaradılması, mədəni tədbirlərdə iştirak edəcək bilikli auditoriyanın formalaşdırılması baxımından bu layihə çox önəmlidir.

Elnur Əliyev diqqətə çatdırdı ki, layihəyə könüllü olaraq 300 nəfər tələbə qatıla bilər. İki ay davam edəcək layihə çərçivəsində tələbələr  5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə güzəştli şərtlərlə baxmaq imkanı əldə edəcək. Həmçinin məşhur mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Əliş Ağamirzəyev qeyd etdi ki, təhsil müəssisələrinin vəzifəsi ixtisaslı kadrlarla bərabər, Vətənimizə layiqli övladlar yetişdirməkdir.  

Nurəddin