Azərbaycan ərazisinin 8 faizi milli park və qoruqlardan ibarətdir
   
   Dünyada turizmin aparıcı növlərindən biri də ekoturizm hesab edilir. Bu anlayış 1980-ci illərdən etibarən geniş yayılmağa başlayıb. Ekoturizm həm ətraf mühiti qoruyur, həm də canlı təbiətin qoynunda turistlərin mənalı istirahətini təmin edir. Ekoturizm flora, fauna və mədəni irsin bir yerdə olduğu ərazilərə edilən səyahətləri əhatə edir. Turizmin bu növü bəzi ölkələrin (məsələn, Ekvador, Nepal, Keniya, Madaqaskar) milli iqtisadiyyatının aparıcı elementidir.
   
   Ekoloji turizm Azərbaycanda da perspektivli və eyni zamanda maraqlı turizm növü hesab edilir. Turizmin sürətli inkişaf dövrünə qədəm qoyduğu bir dövrdə ölkəmizin təbii sərvətlərinin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük əhəmiyyət verilir. Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında da bu məsələyə ayrıca yer (29-cu bənd: ölkəmizin milli parklarında və ona yaxın ərazilərdə ekoturizm, xüsusən də «Bird Watching» turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi) ayrılıb.   

   Ölkəmizdə ekoturizmlə bağlı geniş təbii imkanlar var
   

   Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və turizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Hafiz Hüseynovla söhbətimizdə Azərbaycanda ekoturizmin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə söhbətləşdik. Mütəxəssisin fikrincə, ekoloji turizm insanın canlı təbiətlə bilavasitə təması ilə müşayiət edilən istirahət növü olmaqla yanaşı, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə, bioloji müxtəlifliyin qorunması şərtilə, təbiətə ziyan vurmadan istifadəsini nəzərdə tutur: «Ekoturizm ətraf mühitin mühafizəsini ön görən, ekoloji maarifləndirməyə, eyni zamanda yerli əhalinin rifah halını yaxşılaşdırmağa xidmət edən, bu xüsusda geniş imkanlara malik olan turizm növüdür. Azərbaycan ekoturizm sahəsində geniş təbii imkanlara malikdir. Təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinə, rəngarəngliyinə şərait yaradıb. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda təxminən 4500 bitki növü yayılıb ki, bu da Qafqazın zəngin bitki aləminin növ tərkibinin 64 %-ni təşkil edir. Bunlardan 240-ı endemik və relikt növlərdir. Azərbaycan Respublikasının «Qırmızı kitab»ına 140 nadir və nəsli kəsilməkdə olan bitki növü, 108 fauna növü daxil edilib”. Həmsöhbətimizin sözlərinə görə, hazırda dünyada antropogen təsirə məruz qalmayan təbiət kompleksləri tapmaq çox çətindir. Bu baxımdan təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi çox mühüm rol oynayır və bioloji müxtəlifliyin, bütövlükdə ekosistemin qorunması və öyrənilməsinə xidmət edir.
   
   Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı diqqət mərkəzindədir
   
   H.Hüseynov söhbət əsnasında ölkə ərazisində mövcud olan qoruqlar haqqında da məlumat verdi: «Azərbaycanın füsunkar təbiətinin qorunması məqsədilə XX əsrin 30-cu illərində ilk qorunan ərazilərdən - Göygöl, Zaqatala, Qızılağac və Hirkan dövlət təbiət qoruqları yaradılıb, 70-ci illərdə daha 6 xüsusi mühafizə olunan təbiət ərazisi - Şirvan, Bəsitçay, Qarayazı, Ağgöl, İsmayıllı, İlisu və Altıağac dövlət təbiət qoruqları yaradılıb. Müstəqillik dövründə də respublika ərazisində milli park və təbiət qoruqlarının yaradılmasına dövlət tərəfindən xüsusi diqqət ayrılır. 2000-ci ildə «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanunun qəbul edilməsi bu sahədə hüquqi boşluğun aradan qaldırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına, ekoloji şəbəkənin yaradılması istiqamətində tədbirlərin daha geniş şəkildə aparılmasına şərait yaradıb. İndi ölkəmizdə 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur ki, bu da ölkəmizin ümumi ərazisinin 8,1 %-ni təşkil edir. Onu da qeyd edim ki, milli parkların infrastrukturunun müasir standartlara uyğun təşkili, kadr potensialının gücləndirilməsi ərazidə ekoloji turizmin təşkilində mühüm əhəmiyyət kəsb edir».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar