Sentyabrın 20-də Parisin “Port de Versal” sərgi salonunda “TOP RESA 2011” beynəlxalq turizm sərgisi açılıb. Sərgidə dünyanın 150 ölkəsindən 1200-dən artıq turizm şirkəti iştirak edir. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iştirak edir.
Nazirliyin nümayəndə heyətinə turizm şirkətləri, rəqs ansamblı, muğam üçlüyü və telejurnalistlər daxildir. Qeyd edək ki, ölkəmiz üçüncü dəfədir ki, “TOP RESA” sərgisində təmsil olunur. Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayeva beynəlxalq sərgi ilə bağlı azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə deyib: “Sərgidə “Geo travel”, “İpək yolu”, “Baktur”, “Millenium turizm”, “Reqena” və “SW travel” kimi şirkətlər ölkəmiz, onun turizm potensialı, bu sahəyə investisiya yatırımı və digər sahələr barədə belə beynəlxalq tədbirə gələnlərdə ətraflı təsəvvür yaratmaq üçün çox işlər görüblər. Ölkəmiz üçün ayrılmış guşənin böyüklüyü bunu sübut edir. Azərbaycan bu cür beynəlxalq sərgidə üçüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmizə maraq göstərənlərin sayı ildən-ilə artır”.
Sentyabrın 22-də sərgi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Təqdimat zamanı ölkəmizin tarixi, zəngin mədəniyyəti, turizm imkanları haqqında ətraflı məlumat verilib. Ölkəmiz beynəlxalq turizm bazarına yeni turizm marşrutları vasitəsilə inteqrasiya edir. Bu təqdimatda da “Aleksandr Düma Qafqazda”, “Şərab yolu” kimi beynəlxalq turizm marşrutları barədə məlumat verilib.
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov söhbət əsnasında bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin apardığı əməli işlərin nəticəsidir ki, son zamanlar ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Nazirlik daha çox əcnəbi turist cəlb etmək məqsədilə müxtəlif ölkələrin müvafiq nazirlikləri, turizm şirkətləri ilə danışıqlar aparır, müqavilələr bağlayır: “Parisə bu səfərimiz, beynəlxalq sərgidə iştirakımız uğurlu olub. Bakı Turizm İnformasiya Mərkəzi ilə Fransa Turizm İnstitutu arasında beynəlxalq əlaqələrin qurulması barədə müqavilə imzalanıb. Tərəflər arasında əldə edilmiş razılığa görə, əməkdaşlıq qurulması, ölkəmizdə turizmin inkişafı ilə bağlı proqramların həyata keçirilməsində Fransa Turizm İnstitutunun əldə etdiyi qabaqcıl təcrübədən istifadə edilməsi imkanları nəzərdən keçirilib. Fransa Turizm İnstitutu ilə bağlanmış müqavilə nəinki ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək, eyni zamanda, fransız turistlərin Azərbaycana səfərlərinə müsbət təsir göstərəcək”.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizə dair müxtəlif bukletlər, onun tarixi və mədəniyyətini, zəngin abidələrini, gözəl təbiətini əks etdirən broşürlər və digər əyani vəsaitlər sərgiyə gələnlərin diqqətini daha çox cəlb edir, onlarda böyük maraq oyadır.
Azərbaycan muğamı və milli rəqslərimizin ifası sərgiyə gələnlərdə xoş təəssürat yaradıb.