Kitab Klubunun Sərgi Salonunda məşhur detektiv yazar Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə olunmuş «Sonuncu divarın daşları» adlı kitabının təqdimatı keçirildi.
   Kitabı tərcümə edən Munisə Dadaşqızı əsərdə ayrı-ayrı insanların faciəsindən bəhs olunduğunu bildirdi. Bu əsərin baş qəhrəmanı yazıçının digər əsərlərindən tanıdığımız Dronqodur. Hadisələr isə Almaniyada cərəyan edir: “Ötən əsrin 90-cı illərinə qədər Almaniya, Azərbaycan və Koreya xalqı bölünmüş, parçalanmış xalqlar idilər. Heç biri öz xoşlarına parçalanmamışdı. Almanlar bu səddi aşıb birləşdilər. Kitabda alman xalqının birləşməsindən sonra ayrı-ayrı insanların faciəsindən bəhs olunur. Hər bir ictimai quruluşda yaxşı və pis insanlar olur. Kitabda isə bir rəzil, satqından söhbət açılır. Dronqo əsərin sonuna yaxın onu ifşa edir».
   Müəllif isə bildirdi ki, bu kitabı xüsusilə gənclərin oxumasını çox istəyir: “Çünki kitabda insanların çətin şəraitdə özlərini necə apardıqlarını, necə dəyişdiklərini göstərmişəm. Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyət quruluşlu dövlətlərin tərkibində yaşamaq sistemi azərbaycanlılara çox tanışdır».
   Ç.Abdullayev daha sonra kitabların pirat nəşr edilməsindən də söz açaraq, satılan kitabları yalnız xeyriyyə işlərinə sərf etdiyini xatırlatdı: «Mən Azərbaycanda satılan kitablardan əldə olunan gəliri götürmürəm. Amma bir çox hallarda kitablarım pirat yolu ilə nəşr olunur. Yəni bərbad tərcümə ilə. Bu tərcümələrdən heç mənim xəbərim də olmur».
   Qeyd edək ki, Ç.Abdullayevin əsərləri MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 22 milyon olan nüsxə ilə nəşr edilir.   

Gülər