Layihənin ilk iştirakçısı türkiyəli fotoqrafdır

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə aprel ayında elan olunan “Şuşanın dörd fəsli” – “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı ölkəmizə gəlib.

Layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının yaz, yay, payız və qış fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin şəkillərdən ibarət sərgi təşkil ediləcək.

Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihənin ilk iştirakçısıdır. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf mayın 23-dək ölkəmizdə səfərdə olacaq.

Səfər çərçivəsində mayın 16-da türk fotoqraf Hüseyn Taşkın və layihənin kuratoru Angelo Bucarelli mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşüb. Görüşdə layihənin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.

Layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaq. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün layihəyə xarici mütəxəssislərin cəlb olunması böyük əhəmiyyət kəsb edir. Layihənin növbəti mərhələləri müvafiq fəsillər üzrə Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaq.

Xarici mütəxəssislərin Qarabağın incisi olan Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında dolğun təsəvvür yaradacaq. Onların çəkdikləri fotoşəkillər isə Şuşa barədə təəssüratlarının tərənnümü olacaq.

Layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq.  Hüseyn Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq keçiriləcək.