Burada qonaqların yerləşdirilməsi və istirahəti üçün hər cür şərait yaradılıb
   
   Sentyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil olundu.
   
   İnfoturun məqsədi barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, «Turizm ili» çərçivəsində nazirlik tərəfindən müxtəlif tədbirlər keçirilir. 27 sentyabr - Dünya Turizm Gününə həsr olunmuş tədbirlər də bu qəbildəndir: “Mədəniyyət abidələrinin bərpası və bərpa olunmuş abidələrdən turizm nümayiş obyekti kimi təbliği nazirliyin bu sahədə prioritetlərindəndir.
   Azərbaycan tarixinin, mədəni irsinin, xalqımızın adət-ənənələrinin yaşadılmasında mühüm rolu olan Qala qoruğunun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu turizm nümayiş obyektinin əhəmiyyətini daha da artırıb. Qala Etnoqrafik Muzey Kompleksində görülən işlər ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Burada turistlərin qəbul edilməsi üçün lazımi şərait yaradılıb, dünya standartlarına cavab verən infrastruktur yaradılıb, ərazinin turizm inkişaf planları hazırlanıb. Ona görə də bu tarixi məkana infotur təşkil etməyi qərara aldıq. Məqsədimiz belə obyektlərin turizm şirkətləri tərəfindən tanınması, onların ölkəyə gələn xarici qonaqlar üçün tərtib edilən proqramlara salınmasıdır».    

   Qoruğa gəzinti dörd marşrut üzrə həyata keçirilir
   
   İnfotur iştirakçılarının qoruqla tanışlığı buradakı informasiya mərkəzindən başladı. Bu il istifadəyə verilən mərkəz müasir tələblərə cavab verən lazımi texniki avadanlıqla təchiz edilib. İdarənin əməkdaşları turistlərə kompleks haqqında, qoruğun ərazisinə baş tutacaq turla bağlı ilkin məlumat verdilər. Sonra infotur iştirakçıları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin müdiri Fikrət Abdullayevin bələdçiliyi ilə qoruqla tanışlığa başladılar. Ərazisi 190 hektardan çox olan qoruğa turistlərin gəzintisi əsasən 4 marşrut üzrə keçirilir. Birinci marşrut memarlıq və arxeoloji abidələr üzrə tarixi marşrutdur. İkinci marşrut Açıq Səma Altında Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə tanışlığı əhatə edir. Üçüncü marşrut yenicə bərpa olunmuş X-XII əsrlərə aid qala kompleksinədir. Bu marşruta qəsrin özü, yeraltı hissəsi, qalaaltı yaşayış yerləri daxildir. Bu marşrut 2011-ci ildən fəaliyyət göstərir. Dördüncü marşrut isə kompleksdə yeni yaradılmış Şahid Həbibullayevin Əntiq Əşyalar Muzeyinədir.
   Qala kəndi haqqında iştirakçılara məlumat verən F.Abdullayev bildirdi ki, Abşeronun ən qədim yaşayış məskənlərindən olan kənddə və ətraf ərazidə 215 memarlıq və arxeoloji abidə var: “Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Kəndin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur”.
   Bələdçimiz qoruğun yaranması haqqında da danışdı. Onun sözlərinə görə, ötən əsrin 30-cu illərindən başlayaraq kəndin ərazisində neft quyuları qazılıb. Əkin sahələri neft mədənlərinin altında qaldığından qalalılar kənddən köçməyə başlayıblar. Kəndin evləri sökülüb, tarixi abidələri dağıdılıb. 1988-ci ildə respublika hökumətinin qərarı ilə Qalanın tarixi hissəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılması bu kəndin itməkdə olan etnoqrafiyasını özünə qaytarıb. Qoruq Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin gələcək nəslə ötürülməsində mühüm rol oynayır.
   2008-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Açıq səma altında Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub: «Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1,2 hektar ərazisi olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Abşeronun qərbində, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edən qayaüstü təsvirlər, yeni daş-tunc dövrünə aid mağaralar, Abşeronun şərqində Qala kəndi yaxınlığındakı Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar kəndin nə qədər qədim tarixə malik olduğundan xəbər verir».
   
   Xarici turistlər buraya həvəslə gəlirlər
   
   Qala qoruğunun ərazisində Etno-Ekoloji Mərkəz də fəaliyyət göstərir. Mərkəzin rəhbəri Firuzə Sultanzadə infotur iştirakçılarına bildirdi ki, burada turistlərin qarşılanması və 2 gün ərzində qalması üçün hər cür şərait yaradılıb. Mərkəz bu il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib.
   Qala qoruğu turistlərin, əsasən də əcnəbilərin sevimli məkanına çevrilib. Bu ilin 6 ayı ərzində Qala qoruğuna 7300-dən çox turist səfər edib. Bunların da 25-30 faizi xarici ölkələrin vətəndaşlarıdır. Əcnəbilər əsasən turizm şirkətlərinin vasitəsilə gəlirlər. Kompleksin müdiri F.Abdullayevin sözlərinə görə, Bakıda fəaliyyət göstərən xarici diplomatlar, o cümlədən Almaniya, Amerika, İngiltərə, Rusiya, Çin səfirlikləri öz qonaqlarını həmişə Qala qoruğuna gətirirlər. Qeyd edək ki, turistlər qoruq ərazisində onların ixtiyarına verilmiş velosipedlər və veloavtomobillər vasitəsilə hərəkət edirlər. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar